Süni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında da yeni tələblər formalaşdırır. Artıq bir çox şirkət iş proseslərini sürətləndirmək və məhsuldarlığı artırmaq üçün AI alətlərindən istifadə edir.
Azərbaycanda da işə qəbul prosesində namizədlərin AI bacarıqları nəzərə alınırmı?
İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi artıq yalnız texnologiya sektoruna deyil, demək olar ki, bütün sahələrə təsir göstərir.

Onun sözlərinə görə, şirkətlər iş proseslərini sürətləndirmək, məhsuldarlığı artırmaq və müəyyən əməliyyatları avtomatlaşdırmaq üçün müxtəlif süni intellekt alətlərindən istifadə etməyə başlayıblar:
“Bu dəyişikliklər təbii olaraq əmək bazarına və işə qəbul proseslərinə də təsirsiz ötüşmür. Hazırda Azərbaycanda da işəgötürənlərin namizədlərdən gözləntilərində müəyyən dəyişikliklərin baş verdiyini müşahidə etmək mümkündür. Xüsusilə rəqəmsal bacarıqlar, texnologiyalardan istifadə imkanları və süni intellekt alətlərindən səmərəli yararlanmaq bacarığı getdikcə daha çox diqqət çəkir.
Azərbaycanda süni intellekt bacarıqları hələ bütün vakansiyalar üzrə əsas və məcburi tələbə çevrilməyib. Lakin əmək bazarında bu istiqamətdə ciddi bir dəyişiklik prosesi başlayıb. Xüsusilə marketinq, insan resursları, informasiya texnologiyaları, maliyyə, analitika, satış, müştəri xidmətləri və kontent istehsalı kimi sahələrdə AI alətlərindən istifadə bacarığı namizədə əlavə üstünlük qazandıra bilər. Burada əsas məsələ yalnız namizədin “ChatGPT” və ya digər süni intellekt alətlərindən istifadə edib-etməməsi deyil. İşəgötürən üçün daha vacib olan həmin texnologiyadan hansı məqsədlə və nə dərəcədə düzgün istifadə edə bilməsidir. Çünki süni intellektdən istifadə etmək başqa, ondan səmərəli nəticə əldə etmək tamam başqa məsələdir. Məsələn, bir HR mütəxəssisi süni intellektdən vakansiya mətnlərinin hazırlanması, işə qəbul prosesinin müəyyən mərhələlərinin optimallaşdırılması, əmək bazarının təhlili və hesabatların hazırlanması zamanı istifadə edə bilər. Lakin AI tərəfindən təqdim olunan məlumatları səthi qəbul etmək düzgün deyil. Mütəxəssis həmin məlumatı təhlil etməli, yoxlamalı və öz peşəkar biliyi əsasında qərar verməlidir”.
Mütəxəssis vurğulayıb ki, gələcəyin əmək bazarında əsas üstünlük yalnız AI-dan istifadə edə bilən şəxslərdə deyil, süni intellektdən istifadə etməklə öz peşəkar bacarıqlarını daha da gücləndirə bilən insanlarda olacaq:
“Digər tərəfdən, süni intellektin işə qəbul prosesində istifadəsi də müəyyən risklər yarada bilər. Məsələn, CV-lərin avtomatik şəkildə seçilməsi və namizədlərin alqoritmlər vasitəsilə qiymətləndirilməsi zamanı potensial olaraq uyğun namizədlərin sistem tərəfindən kənarda qalması mümkündür. Çünki hər bir namizədin bacarıqlarını yalnız açar sözlər və ya avtomatik qiymətləndirmə sistemi ilə müəyyənləşdirmək mümkün deyil. Bu səbəbdən AI işə qəbul prosesində insan resursları mütəxəssisini tamamilə əvəz edən mexanizm deyil, onun qərarverməsini dəstəkləyən texnoloji vasitə kimi qəbul edilməlidir. Yekun qərarın yalnız süni intellektin verdiyi nəticəyə əsasən qəbul edilməsi doğru yanaşma olmaz. İnsan amili, peşəkar qiymətləndirmə, etik prinsiplər və namizədin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Yaxın illərdə AI savadlılığı əmək bazarında daha böyük əhəmiyyət qazanacaq. Bu, bütün insanların proqramçı və ya süni intellekt üzrə mütəxəssis olacağı anlamına gəlmir. Sadəcə olaraq, müxtəlif peşə sahibləri öz işlərinə uyğun AI alətlərindən necə istifadə etməyi öyrənməli olacaqlar. Məsələn, gələcəyin HR mütəxəssisi yalnız əmək qanunvericiliyini və işə qəbul prosesini bilməklə kifayətlənməyəcək. O, eyni zamanda məlumatları təhlil edə, rəqəmsal alətlərdən istifadə edə və süni intellekt texnologiyalarının imkanlarından düzgün yararlana bilməlidir. Eyni vəziyyət digər peşələrə də aiddir. Bununla yanaşı, süni intellekt dövründə insan bacarıqlarının əhəmiyyəti heç də azalmayacaq. Əksinə, kommunikasiya, liderlik, komanda işi, emosional intellekt, yaradıcılıq, tənqidi düşüncə və problem həll etmə kimi bacarıqlar daha da vacib olacaq. Çünki texnologiya məlumatı emal edə və müəyyən tapşırıqları yerinə yetirə bilər, lakin insanın sosial və emosional tərəflərini tam şəkildə əvəz etmək hələ mümkün deyil”.
Röyal Əhmədov bildirib ki, gənclər və iş axtaran şəxslər üçün də əsas mesaj budur ki, süni intellektdən qorxmaq və onu rəqib kimi görmək əvəzinə, bu texnologiyanı öz inkişafları üçün bir vasitəyə çevirmək lazımdır:
“Bu gün işəgötürən üçün “AI istifadə edirəm” demək artıq kifayət etməyə bilər. Namizəd konkret olaraq bu texnologiyadan istifadə etməklə hansı işi gördüyünü, hansı problemi həll etdiyini və hansı nəticəni əldə etdiyini göstərə bilməlidir. Gələcəyin əmək bazarında əsas rəqabət insanla süni intellekt arasında deyil, süni intellektdən düzgün istifadə edən insanla bu texnologiyadan istifadə etməyən insan arasında formalaşa bilər. Buna görə də həm işçilər, həm işəgötürənlər, həm də təhsil müəssisələri bu dəyişikliklərə indidən hazırlaşmalıdırlar. Azərbaycan əmək bazarı da bu qlobal dəyişikliklərdən kənarda qalmayacaq. Süni intellekt texnologiyalarının inkişafı işə qəbul proseslərini, əməkdaşlardan gözləntiləri və peşələrin özünü dəyişdirəcək. Bu prosesdə əsas məqsəd texnologiyanı insanın yerinə qoymaq deyil, insan potensialını texnologiyanın imkanları ilə birləşdirmək olmalıdır. Yaxın gələcəkdə işəgötürənlər üçün ən dəyərli namizəd yalnız öz peşəsini yaxşı bilən deyil, eyni zamanda yeni texnologiyaları öyrənməyə açıq olan, süni intellektdən düzgün istifadə edən, analitik və tənqidi düşünə bilən, əldə etdiyi məlumatı qiymətləndirərək müstəqil qərar qəbul edə bilən namizəd olacaq”.


