İsveçrədə aparılan qida təhlükəsizliyi yoxlamaları zamanı Türkiyənin “Kızılay” brendinə məxsus iki növ mineral suda qanunvericiliklə icazə verilən həddən artıq bor aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu səbəbdən İsveçrə səlahiyyətli qurumları məhsulların bazardan geri çağırılması barədə qərar qəbul edib. İstehlakçılara həmin mineral suları istifadə etməmək və aldıqları satış məntəqələrinə qaytarmaq tövsiyə olunub.
Rəsmi açıqlamada bildirilib ki, geri çağırılma qərarı İsveçrənin qüvvədə olan qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul edilib. Yoxlamalar nəticəsində müəyyən olunan yüksək bor göstəricisi məhsulların satışdan çıxarılması üçün əsas hesab olunub.
Bu, İsveçrədə Türkiyədən idxal olunan mineral sular ilə bağlı ilk belə hal deyil. Bundan əvvəl də eyni səbəbdən “Beypazarı” və “Sırma” brendlərinə aid bəzi mədən suları bazardan geri çağırılmışdı. Həmin məhsullarda da İsveçrə qanunvericiliyində müəyyən edilmiş normadan artıq bor aşkar edildiyi bildirilmişdi.
Səlahiyyətli qurumlar vurğulayıblar ki, qərar yalnız yoxlamalar zamanı normadan artıq bor aşkarlanan konkret məhsullara şamil olunur. İstehlakçılara isə sözügedən mədən sularını istehlak etməmələri və geri qaytarmaları tövsiyə edilir.
Qeyd edək ki, Bor (B) təbii şəkildə torpaq, süxurlar və suda olan kimyəvi elementdir. Yüksək miqdarda borun müntəzəm qəbulu sağlamlıq üçün risk yarada bilər.


