Dəniz kənarında aşkarlanan çoxsaylı qıfıllar cadu, magiya və müxtəlif ayinlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xalq arasında qıfılın bağlanaraq suya atılmasının sevgini qaytarmaq, bəxti açmaq, kiminsə yolunu "bağlamaq" və ya arzuların həyata keçməsi üçün edildiyinə dair inanclar uzun illərdir dolaşır. Bəs bu cür ayinlərin kökü haradan gəlir və insanlar niyə hələ də onlara inanırlar?
Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, fala baxmaq, bəxt açdırmağa çalışmaq və bu kimi bəd əməllər, eləcə də müxtəlif manipulyativ üsullar təəssüf ki, Azərbaycan cəmiyyətində müəyyən qrup və zümrələr üçün xarakterikdir.

Onun sözlərinə görə, xüsusən xanımlar belə məsələlərə daha çox maraq göstərirlər:
“Bəylər də bu məsələdə şər qüvvələrə və ya magiyaya inanmaqdan geri qalmırlar. Yəni falçılıq dəbi və falçılıq üsulları sanki müəyyən problemlərin, vəziyyətin və sosial-iqtisadi çətinliklərin həlli yolu kimi qəbul olunur. Əslində bu onu göstərir ki, Azərbaycan cəmiyyətində müəyyən ikili yanaşma problem mövcuddur. İnsanlar bir tərəfdən müasir, modern və pozitiv düşünür, digər tərəfdən isə hansısa məsələnin həllində reallığı və ya ilahi iradəni deyil, magiyanı və müxtəlif kənar təsirləri mümkün hesab edirlər. Bunu müəyyən qədər anlamaq mümkün olsa da, mən insanların bu cür yanaşmasını düzgün qiymətləndirməyin mümkün olmadığını düşünürəm.
Hətta bu tipli reklamlar sosial şəbəkələrdə də kifayət qədər geniş yayılır və son zamanlar bəzi şəxslər bunu açıq şəkildə təbliğ edirlər. Düşünürəm ki, hüquqi prosedurlar bu istiqamətdə kifayət qədər təsirli ola bilər. Düzdür, bu, bir tərəfdən insanları aldatmaq və fırıldaqçılıqdır. Bu kimi üsullarla hansısa məsələni əvvəlcədən həll etməyə çalışmaq ən azı mübahisəlidir. Kimsə şüuraltı olaraq buna inana və bu prosesi reallaşdırmağa çalışa bilər. Amma kiminsə bədbəxtliyi üzərində başqa bir insanın xoşbəxtliyi və gələcəyi qurula bilməz. Bu məsələ üzərində ciddi düşünmək lazımdır.
İstənilən halda bu, yaxşı davranış və ya müsbət hal deyil. Kimsə nəyisə dəyişdiyini düşünə bilər, amma insan taleyinə bu cür magik müdaxilə barədə düşünməyin özü belə etikaya sığmayan, qeyri-ciddi və xoşagəlməz davranışlardan biridir.
Aydın məsələdir ki, biz bu kimi faktların ictimailəşdirilməsinə çalışmalı və başa düşməliyik ki, bu cür hallar heç də yaxşı nəticələrə gətirib çıxarmır. Ola bilər ki, bunu edənlər azərbaycanlı olmasınlar. Belə hallara müxtəlif etnik və dini icmalar arasında da rast gəlinə bilər. Məsələn, ermənilər, ruslar və ya pravoslav icmaları arasında da belə davranışların olması istisna deyil. Bu baxımdan hüquqi araşdırmaya və dəqiqləşdirməyə ehtiyac var ki, belə əməlləri kimlər törədir, bunlar necə baş verir və bu proseslərin arxasında kimlər dayanır. Eyni zamanda etno-psixoloji xüsusiyyətlərlə bağlı müəyyən təsəvvürlərin də mövcud olduğunu unutmamaq lazımdır.
Sırf olaraq məsələni bu və ya digər ictimai qrupa aid etmək doğru deyil. Bu kimi hallardan kimin və necə faydalandığı, bu davranışların arxasında hansı məqsədlərin dayandığı, eləcə də mümkün müdaxilələrin olub-olmaması və hansı formada həyata keçirildiyi ciddi şəkildə araşdırılmalıdır.
Sosioloqun fikrinə görə, bu tipli insanların yalan danışdığı, manipulyasiya etdiyi, insanları aldatdığı və fırıldaqçılıqla məşğul olduğu görünsə də, insanlar yenə də “fala inanma, faldan da qalma” prinsipi ilə hərəkət edirlər:
“Eyni prinsipi əməl kimi irəli sürən və onu reallıq kimi təqdim edən şəxslər arasında təəssüf ki, media nümayəndələri və jurnalistlər də var. Əslində bu, ciddi araşdırma və tədqiqat mövzusudur. Hansısa fikrin yalan və ya qeyri-ciddi olduğunu təkzib etməyə tələsmirik. Hər halda belə davranış insanın inanc sistemi ilə bağlıdır və insan nəyə inanırsa, ona meyl göstərir. Bu, müəyyən sublimasiya xarakterli davranışların nəticəsidir. Burada daha çox psixoloji təsir özünü göstərir. Aydın məsələdir ki, bəzi metodların insanların müəyyən psixogenetik və psixosomatik funksiyalarına təsir etməsi mümkündür. Bu da təlqin və təsir vasitələrindən biridir.
Bir insanın düşüncəsi digər insanın düşüncəsinə müəyyən mənada baryer ola bilər və çox vaxt biz bunu təbii sosial təmayül, bağlılıq, maneə və ya ziddiyyət kimi qəbul edirik. İstənilən halda insanlar daha çox rasional, sosial və iqtisadi həll yollarına üstünlük verməlidirlər. Bu kimi metodlara güvənərək və müəyyən xərclər çəkərək belə davranışlar sərgiləmək əslində geridəqalmışlığın, ehkamçılığın və bəsit mühakimələrin təsiri altına düşmək deməkdir. Buna yol verilməməlidir.
Aydın məsələdir ki, burada kimlərinsə nəyəsə təsiri müəyyən mənada mümkün ola bilər, amma bu təsir ötəri və keçicidir. İnancına və müasir dünyagörüşünə sahib insanlar bu cür əməllərdən çəkinməlidirlər. İnsanın düşüncəsində və etiqadında boşluqlar yarandıqda belə davranışlara meyl göstərə bilər.
Duaların müəyyən təsiri ola bilər, lakin insanın öz təbii inkişafına yönəlmiş, başqasının haqqına girmədən etdiyi hərəkətlər daha keçərli və önəmlidir. Bu cür davranışlarla kimsə nəyəsə nail olsa belə, bu, istər axirət dünyasında həmin insan üçün böyük zərər və faciə, istərsə də müasir dünyada aldadıcı bir təzahürdən başqa bir şey deyil”, – deyə Naib Niftəliyev fikrini tamamlayıb.
Xatırladaq ki, son günlər Buzovna sahilində aşkarlanan çoxsaylı qıfılların görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşımlarda onların cadu və müxtəlif ayinlərdə istifadə edildiyi iddia olunsa da, bu cür halların arxasında dini-psixoloji inancların, folklor ənənələrinin və sosial-mədəni amillərin dayanıb-dayanmadığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.


