Sosial Özəl

"Ötən il də belə olmuşdu, bu il də eyni vəziyyət təkrarlanır" — Ekspert

Ötən il də belə olmuşdu, bu il də eyni vəziyyət təkrarlanır — Ekspert

Magistratura təhsili bir çox gənc üçün peşəkar inkişaf və akademik ixtisaslaşma mərhələsi hesab olunur. Ancaq bəzi ixtisaslar üzrə boş qalan plan yerləri bu sualı gündəmə gətirir: problem magistr təhsilinə marağın azalmasındadır, yoxsa mövcud proqramlar əmək bazarının dəyişən tələblərinə tam cavab vermir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, dinamik statistika göstərir ki, magistraturaya ixtisas seçimi başa çatsa da, təxminən 2 min plan yeri boş qalacaq.

Ötən il də belə olmuşdu, bu il də eyni vəziyyət təkrarlanır — Ekspert

Onun sözlərinə görə, bunun səbəbi odur ki, 17 mindən çox plan yeri ayrılıb, lakin qeydiyyatdan keçənlərin sayı 15 mindən bir qədər çoxdur:

“Artıq indidən bəllidir ki, nəticələrdən asılı olmayaraq, ən azı 2 min plan yeri boş qalacaq.

Ötən il də belə olmuşdu, bu il də eyni vəziyyət təkrarlanır. Bir çox magistratura namizədi imtahanda uğurlu nəticə göstərə bilmir. Səbəb nədir? Baxın, bu il mənim bildiyimə görə, birinci və ikinci cəhdlərdə, hətta hava şəraiti ilə əlaqədar təşkil olunan üçüncü cəhd də nəzərə alınmaqla, 23 mindən çox namizəd imtahanda iştirak edib. Bu rəqəm ayrılan plan yerlərinin sayını 6 mindən çox üstələyir. Yəni plan yerləri baxımından problem görünmür. Mən düşünmürəm ki, magistraturaya maraq azalıb. Həmçinin hesab etmirəm ki, ayrılan plan yerlərinin sayı həddindən artıq çoxdur və onların azaldılmasına ehtiyac var.

Məsələ ondan ibarətdir ki, imtahan nəticələri ürəkaçan deyil. Bunu tam səmimi deyirəm. Bunun səbəbinin sualların çətinliyi, namizədlərin hazırlıq səviyyəsi və ya başqa amillərlə bağlı olduğunu qəti demək çətindir. Digər tərəfdən, burada nisbi bal sistemi də tətbiq olunmur və proqramlar üzrə keçid balları yüksək hesab olunmur. MBA proqramlarında keçid balı 45, digər magistr proqramlarında 50, pedaqoji ixtisaslarda 40, incəsənət və kənd təsərrüfatı istiqamətləri üzrə isə 30 baldan yuxarıdır. Deməli, namizədlər seçdikləri proqram üzrə müəyyən edilmiş minimal keçid balını toplamalıdırlar. Əsas problem də məhz bundadır.

Yəni magistraturaya marağın azaldığını və ya magistratura təhsilinin əmək bazarının tələblərinə cavab vermədiyini demək düzgün olmaz. Birincisi, magistratura müəyyən istiqamət üzrə elmi-akademik inkişaf mərhələsidir. İkincisi isə həmin ixtisaslar əmək bazarının tələblərinə uyğunluğunu qoruyub saxlayır. Əsas məsələ məhz qeyd etdiyim amillərlə bağlıdır”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az