Sosial Özəl

Həyat yoldaşının telefonunu izləyənləri bu cəza gözləyir — Açıqlama

Həyat yoldaşının telefonunu izləyənləri bu cəza gözləyir — Açıqlama

Münasibətlərdə etimadsızlıq bəzən şəxsi həyata müdaxilə həddinə çatır. Son illər cütlüklər arasında qarşı tərəfi nəzarətdə saxlamaq məqsədilə onun mobil telefonuna gizli şəkildə izləmə proqramları və ya digər texniki vasitələrin quraşdırılması ilə bağlı iddialar tez-tez gündəmə gəlir. Belə hallarda şəxsi yazışmaların oxunması, zənglərin izlənilməsi, yerləşmə məlumatlarının əldə edilməsi və digər şəxsi məlumatlara icazəsiz giriş ciddi hüquqi və etik müzakirələrə səbəb olur.

Bu hal qanunvericilik baxımından hansı hüquqi məsuliyyət yaradır?

Demokrat.az-a mövzu ilə bağlı danışan hüquqşünas Elnur Məmmədov deyib ki, şəxsin razılığı olmadan onun mobil telefonuna gizli izləmə proqramı və ya digər texniki vasitələrin quraşdırılması hüquqi baxımdan ciddi məsuliyyət yarada bilər.

Onun sözlərinə görə, belə hərəkətlər nəticəsində şəxsi yazışmaların oxunması, zənglərin izlənilməsi, geolokasiya məlumatlarının əldə edilməsi, foto və digər şəxsi məlumatlara icazəsiz giriş şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların mühafizəsi hüququnun pozulması kimi qiymətləndirilə bilər:

“Azərbaycan Respublikasının Konstitusiyası şəxsi və ailə həyatının toxunulmazlığını, yazışmaların, telefon danışıqlarının və digər kommunikasiya vasitələrinin məxfiliyini təmin edir. Bu hüquqlara qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla müdaxilə yolverilməzdir. Belə əməllərdən asılı olaraq inzibati, mülki və ya cinayət məsuliyyəti yarana bilər. Xüsusilə, şəxsi həyata qanunsuz müdaxilə, yazışmaların və rabitə sirrinin pozulması, kompüter sistemlərinə və ya elektron məlumatlara icazəsiz giriş, habelə şəxsi məlumatların qanunsuz toplanması və istifadəsi cinayət-hüquqi qiymətləndirməyə səbəb ola bilər”.

Elnur Məmmədov qeyd edib ki, bundan əlavə, zərərçəkmiş şəxs vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malikdir:

“Ailə və ya şəxsi münasibətlərdə etimadsızlıq qarşı tərəfin rəqəmsal cihazlarına gizli nəzarət etmək üçün hüquqi əsas yaratmır. Belə hərəkətlər konkret halların xüsusiyyətlərindən asılı olaraq müxtəlif hüquqi məsuliyyət növlərinə səbəb ola və sübut olunduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi nəticələr doğura bilər”.

Fidan Hacızadə

D
demokrat.az