Sosial Özəl

"Bu gün boş yer tapırıqsa, deməli sistem düzgün işləyir"

Bu gün boş yer tapırıqsa, deməli sistem düzgün işləyir

Son günlər parkinq xidmətlərinin qiymətləri sürücülər arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə ödənişli parkinq zonalarının genişlənməsi fonunda sosial şəbəkələrdə sürücülərin gün ərzində avtomobil saxlamaq üçün orta hesabla 8-10 manat xərclədiyi ilə bağlı çoxsaylı paylaşımlar edilir.

Sürücülərin gün ərzində 8-10 manat parkinq xərci çəkməsi normaldır, yoxsa tariflərin yenidən nəzərdən keçirilməsinə ehtiyac var?

Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu hazırkı vəziyyətdə əvvəlki sistemə qayıdışın real görünmədiyini söyləyib:

“Çünki əvvəllər parkinq ya ümumiyyətlə ödənişsiz idi, ya da çox aşağı məbləğə xidmət göstərilirdi. Nəticədə isə sürücülər üçün boş yer tapmaq demək olar ki, mümkün olmurdu. Burada tənzimləyicinin qarşısında iki əsas məqsəd dayanır. Birincisi, parkinq yerlərinin mövcud olması, ikincisi isə həmin yerlərdə boş yer tapılmasının təmin edilməsidir. Əgər qiymətlər aşağı salınsa və hər kəs üçün daha əlçatan olsa, sürücülərin böyük hissəsi avtomobillərini uzun müddət həmin ərazilərdə saxlayacaq. Bu isə yenidən boş yer çatışmazlığı yaradacaq. Əgər bu gün parkinq yerlərində müəyyən qədər boş yer tapmaq mümkündürsə, deməli, sistem öz funksiyasını yerinə yetirir. Bu da müəyyən mənada tətbiq olunan tariflərlə bağlıdır. Çünki qiymətlər aşağı olarsa, bəzi sürücülər avtomobillərini gün ərzində həmin ərazidə saxlayacaq,beləliklə qısa müddətlik işi olan şəxslər yer tapa bilməyəcəklər. Vaxtilə əsas narazılıq da məhz parkinq yerlərinin olmaması idi. Düşünürəm ki, qiymət siyasəti də məhz bu prinsip əsasında müəyyənləşdirilib”.

Ekspert əlavə edib ki, digər tərəfdən, tariflər bütün ərazilərdə eyni deyil:

“Məsələn, şəhər mərkəzində parkinq haqqı 1 manatdırsa, mərkəzdən uzaqlaşdıqca 70 qəpik və ya 50 qəpik olan zonalar da var. Yəni qiymətlər zonalara uyğun şəkildə diferensiallaşdırılıb. Bu, dünya praktikasında da tətbiq olunan yanaşmadır və əvvəldən də belə olmasının tərəfdarı olmuşuq. Məsələn, Əhmədli, Hövsan və digər kənar ərazilərdə şəhər mərkəzi ilə eyni tarifin tətbiqi doğru olmazdı. Əsas meyar isə budur ki, sürücülər parkinq yeri tapa bilirlərmi? Əgər tapa bilirlərsə, deməli, tətbiq olunan prinsip müəyyən mənada özünü doğruldur. Qiymətlər aşağı salınarsa, vəziyyət daha da pisləşə və boş yer tapmaq daha çətin ola bilər. Özəl parkinqlərə gəldikdə isə, burada vəziyyət həqiqətən təəccüb doğurur. Məsələn, ticarət mərkəzlərində və digər özəl obyektlərdə parkinq qiymətləri kifayət qədər yüksək olsa da, yenə də avtomobil sıxlığı müşahidə olunur. Bəzi hallarda 2 saatlıq parkinq üçün 8 manat ödənilir ki, bu da Bakı reallığı üçün kifayət qədər yüksək məbləğdir. Bununla belə, həmin qiymətləri müəyyən edən sahibkarlar da tələbə əsaslanırlar. Əgər görsələr ki, yüksək qiymətlər səbəbindən sürücülər gəlmir, təbii ki, qiymət siyasətinə yenidən baxmağa və kompromisə getməyə məcbur olacaqlar”.

Fidan Hacızadə

D
demokrat.az