Binəqədi rayonu, III mədən ərazisində yerləşən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin köçürülməsinə dair iddialar səsləndirilib. Sakinlərin sözlərinə görə ərazidən çəkiləcək tramvay xətlərinin çəkilişi səbəbindən həmin ərazilərdə söküntü işlərinin aparılması ilə bağlı onlara məlumat verilib.
Məsələ ilə bağlıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlandıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz SədrəddinovDemokrat.az-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, həmin məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə heç bir dövlət qurumu tərəfindən hər hansı müraciət daxil olmayıb.
Beləliklə, Binəqədi rayon idarəsinin başqa yerə köçürülməsi və sökülməsi planlaşdırılmır. Paytaxtda nəqliyyat infrastrukturunun yenilənməsi və tramvay xətlərinin bərpası layihələri çərçivəsində müxtəlif ərazilərdə planlama işləri aparılır. Lakin dövlət idarələrinin köçürülməsi yalnız rəsmi qərarlar və Qurumlararası razılaşmalar əsasında həyata keçirilir.
Qeyd edək ki, Bakıda yenidən tramvay xətləri çəkilir. Sözügedən relslər ilkin olaraq Mehdiabaddan 28 May metrosu istiqamətində qurulacaq.


