Göy üzü bu həftə mühüm bir mərhələdən keçir. Bir tərəfdən təxminən üç həftə ərzində ünsiyyətdən texnologiyaya, münasibətlərdən səyahət planlarına qədər bir çox sahədə ləngimələrə səbəb olduğu düşünülən Merkuri retrosu başa çatır. Digər tərəfdən isə nizam-intizam, məsuliyyət və karmanın planeti Saturn Qoç bürcündə retro hərəkətinə başlayır.
Demokrat.az xəbər verir ki, bu iki astroloji hadisə birlikdə mühüm mesaj verir: Artıq bəhanələrin deyil, üzləşmələrin zamanıdır...
Merkuri retrosunun başa çatması ilə yanlış anlaşılmalar tədricən aradan qalxa, təxirə salınmış işlər yenidən sürət qazana bilər. İmzalar, görüşlər və yeni planlar daha rahat şəkildə irəliləyə bilər. Lakin dərhal tam sürətlə hərəkət etmək əvəzinə bir neçə gün daha ehtiyatlı olmaq faydalıdır. Çünki Merkuri istiqamətini dəyişdikdən sonra da qısa müddət ərzində "retro kölgəsi" təsirini davam etdirə bilər.
Əsas uzunmüddətli təsir isə Saturn retrosundan gəlir.
Qoç bürcü cəsarəti, başlanğıcları və fərdiliyi təmsil etdiyi halda, Saturn qaydaları, məsuliyyəti və zəhməti ifadə edir. Bu ikilinin retro dövrü hər birimizə bu sualı verəcək:
"Mən həqiqətən istədiyim həyatı yaşayıram, yoxsa sadəcə mübarizə aparırmış kimi görünürəm?"
Bu dövrdə tələsik verilən qərarlar yenidən nəzərdən keçirilə bilər. Karyera hədəfləri, münasibətlər, şəxsi sərhədlər və uzunmüddətli planlar yenidən qiymətləndirilə bilər. Xüsusilə liderlik, özünəinam və cəsarət tələb edən mövzularda çatışmazlıqlar daha aydın görünə bilər.
Göy üzü artıq xarici dünyadan daha çox daxili aləmə yönəlməyimizi istəyir. Çünki möhkəm təməllər qurulmadan yeni başlanğıcların davamlı olması çətin görünür.
Bürcləri nələr gözləyir?
Qoç
Həyatınızın mərkəzində böyük bir daxili hesabat dövrü başlayır. Kim olduğunuz, nə istədiyiniz və artıq hansı yükü daşımalı olmadığınızla bağlı mühüm fərqindəliklər əldə edə bilərsiniz. Keçmiş qərarlarınızı yenidən dəyərləndirəcəksiniz.
Buğa
Keçmişdən gələn qorxular və şüuraltı yüklər gündəmə gələ bilər. Sizi yoran vərdişlərdən qurtulmaq üçün güclü bir dövrdəsiniz. Dincəlmək və daxili səsinizə qulaq asmaq sizə yaxşı təsir edəcək.
Əkizlər
Sosial çevrəniz və gələcək planlarınız dəyişə bilər. Kimin həqiqətən yanınızda olduğunu daha aydın görə bilərsiniz. Köhnə dostluqlar yenidən gündəmə gələ bilər.
Xərçəng
Karyera həyatınızda mühüm qiymətləndirmələr başlaya bilər. İş dəyişikliyi, yüksəliş və ya məsuliyyətlərlə bağlı köhnə məsələlər yenidən müzakirəyə çıxarıla bilər. Səbirli davranan qalib gələcək.
Şir
Həyata baxışınızı dəyişdirəcək hadisələr yaşaya bilərsiniz. Təhsil, xaric, hüquqi proseslər və ya akademik mövzular yenidən formalaşa bilər. İnanclarınızı sorğulaya bilərsiniz.
Qız
Maddi ortaqlıqlar, kreditlər, borclar və investisiyalar yenidən nəzərdən keçirilə bilər. Eyni zamanda emosional münasibətlərinizdə güvən mövzusunu daha çox sorğulaya bilərsiniz.
Tərəzi
Münasibətləriniz böyük bir sınaqdan keçə bilər. Davam edən münasibətlər möhkəmlənə, problemli olanlar isə həqiqi üzünü göstərə bilər. Ortaqlıqlarla bağlı tələsik qərarlar verməyin.
Əqrəb
Gündəlik rejiminiz və iş həyatınızda dəyişikliklər gündəmə gələ bilər. Sağlamlığınızı laqeyd qoyduğunuz məsələlər varsa, onlarla məşğul olmaq üçün doğru zamandır.
Oxatan
Eşq həyatınız, uşaqlarla bağlı mövzular və ya yaradıcı layihələr yenidən nəzərdən keçirilə bilər. Qəlbinizin həqiqətən nə istədiyini anlamağa başlaya bilərsiniz.
Oğlaq
Ev, ailə və yaşayış şəraitiniz ön plana çıxacaq. Köç, ev dəyişikliyi və ya ailə daxilində keçmiş məsələlər yenidən gündəmə gələ bilər. Daimi həll yolları yaratmaq istəyəcəksiniz.
Dolça
Ünsiyyət tərzinizi dəyişdirəcək mühüm dərslər ala bilərsiniz. Qardaşlar, yaxın çevrə və ya təhsil mövzularında yarımçıq qalan işlər tamamlana bilər. Düşünmədən danışmaq əvəzinə planlı hərəkət etmək faydalı olacaq.
Balıqlar
Gəlir-xərc balansınızı yenidən qurmağınız lazım gələ bilər. Xərclərinizi nəzərdən keçirmək və uzunmüddətli maliyyə təhlükəsizliyi yaratmaq prioritetiniz ola bilər. Zəhmət çəkdiyiniz mövzularda nəticə almaq üçün bir qədər daha səbir tələb oluna bilər.
Göy üzü bu dəfə bizə "yavaşla" demir, "möhkəmlən" deyir. Merkuri retrosunun başa çatması ilə düşüncələrimiz daha aydın işləməyə başlayarkən, Saturn retrosu qarşıdakı aylarda bizi çatışmazlıqlarımızı tamamlamağa, yarımçıq qalan məsuliyyətlərimizi üzərimizə götürməyə və gələcəyi daha möhkəm təməllər üzərində qurmağa dəvət edir.
Bu gün atılan şüurlu addımlar sabahın ən güclü uğur hekayəsinin başlanğıcı ola bilər.


