Turizm Özəl

Azərbaycana gələn turistlərin xəritəsi niyə dəyişir? — Açıqlama

Azərbaycana gələn turistlərin xəritəsi niyə dəyişir? — Açıqlama

Son illərdə Azərbaycana gələn xarici turistlərin coğrafiyasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Bir dövrdə Körfəz ölkələrindən, xüsusilə ərəb turistlərinin üstünlük təşkil etdiyi turizm axınında sonradan Hindistandan gələn turistlərin payı artıb, hazırda isə Türkiyədən gələn turistlərin sayında artım qeydə alınır.

Bəs bu dəyişikliklər hansı amillərlə bağlıdır? Turist bazarının bu cür dövri şəkildə dəyişməsi ölkənin turizm siyasətinin nəticəsidir, yoxsa regional və qlobal proseslərin təsiridir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, bu gün dünyada baş verən geosiyasi proseslərin təsiri nəticəsində təkcə Azərbaycanda deyil, ümumilikdə bütün dünyada turizm istiqamətləri tez-tez dəyişir. Azərbaycana gələn turistlər də müxtəlif ölkələrdən gəlirlər.

Azərbaycana gələn turistlərin xəritəsi niyə dəyişir? — Açıqlama

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən müharibə, eləcə də Rusiya-Ukrayna müharibəsi dünya ölkələrinin iqtisadiyyatına və insanların səyahət imkanlarına ciddi təsir göstərir:

“Nəzərə alsaq ki, Hörmüz boğazı ətrafında baş verən hadisələrdən əvvəl Körfəz ölkələrindən Azərbaycana kütləvi turist axını var idi. Bu bazar Azərbaycan üçün həm yüksək gəlir gətirən seqment hesab olunurdu, həm də turist sayına görə mühüm yer tuturdu. Lakin hazırda Körfəz ölkələri bu münaqişələrin təsiri altındadır. Bölgənin iri şəhərlərinin hava limanları məhdud rejimdə fəaliyyət göstərir, hava məkanının böyük hissəsi bağlıdır, açıq olan hissələr isə çox məhdud şəkildə istifadə olunur.

Bu səbəbdən Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında ciddi azalma müşahidə olunur. Eyni zamanda Asiya ölkələrindən Azərbaycana gələn turistlərin bir hissəsi də əvvəllər Körfəz ölkələrinin hava məkanından istifadə edirdi. Hazırda həmin marşrutların keçdiyi hava məkanı təhlükəli və ya qapalı olduğuna görə reyslər daha uzun marşrutlarla həyata keçirilir, bəzi aviaşirkətlər isə uçuşları təxirə salıb və ya dayandırıb. Bu da turist axınına mənfi təsir göstərən əsas amillərdən biridir.

Hesab edirəm ki, hazırkı şəraitdə nə dövlət, nə də özəl turizm sektoru istəsə belə, Körfəz ölkələrindən turist axınını əvvəlki səviyyədə bərpa edə bilməz. Bu, Azərbaycanın təsir imkanlarından kənarda olan geosiyasi amillərlə bağlı məsələdir.

Bununla yanaşı, alternativ bazarlar da formalaşır. Hazırda Türkiyədən, Orta Asiya ölkələrindən, Gürcüstandan, eləcə də bəzi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və özəl turizm sektoru yeni bazarların cəlb edilməsi istiqamətində çevik və məqsədyönlü fəaliyyət göstərir. Xüsusilə Dövlət Turizm Agentliyinin yeni bazarlar üzərində işləməsi, dəyişən şəraitə operativ reaksiya verməsi və alternativ istiqamətlər formalaşdırması təqdirəlayiqdir.

Hesab edirəm ki, Azərbaycan turizmi uzunmüddətli inkişaf strategiyası əsasında formalaşdığı üçün bu sahədə ciddi geriləmə gözlənilmir. Dövlət Turizm Agentliyi həm daxili turizmin, həm də ölkəyə gəlmə turizminin inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. Buna görə də hər hansı bazarda turist axını azalanda, digər bazarlar hesabına bu itkiləri qısa müddətdə kompensasiya etmək mümkün olur. Bu baxımdan turist axınında müşahidə olunan dəyişikliklər tamamilə təbiidir və qlobal geosiyasi proseslərin nəticəsidir. Gələcəkdə Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra həmin ölkələrdən turist axınının yenidən artacağı gözlənilir. Eyni zamanda Hörmüz boğazı ətrafındakı gərginlik aradan qalxdıqdan, Körfəz ölkələrinin hava limanları və hava məkanı tam fəaliyyətini bərpa etdikdən sonra bu regiondan da Azərbaycana turist axınının yenidən artacağı gözlənilir. Bu isə ölkənin turizm sektorunun daha da dayanıqlı inkişafına töhfə verəcək”, - deyə Rəhman Quliyev fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az