Bakının Sabunçu rayonunda ər-arvad arasında uşaq üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İsrafil birgə yaşadıqları evdə həyat yoldaşı Gülarə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İsrafil evin qonaq otağında olarkən həyat yoldaşının dünyaya gətirdiyi oğlan uşağının ondan olmadığını deməsi səbəbindən aralarında mübahisə yaranıb. Ailə-məişət münasibətləri zəminində baş verən mübahisə zamanı o, həyat yoldaşının sifət və sol qol nahiyəsinə sağ əli ilə bir dəfə vuraraq ona ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yetirib.
Faktla bağlı İsrafilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən İsrafil cinayət məsuliyyətindən azad edilib və barəsində aparılan cinayət təqibinə xitam verilib.


