Sosial Özəl

Ən yüksək boşanma sayı zəngin ölkələrdədir — Sosioloq

Ən yüksək boşanma sayı zəngin ölkələrdədir — Sosioloq

Son illər Azərbaycanda boşanmaların sayında müşahidə olunan artım ailə institutunun möhkəmliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ailə münasibətlərinin zəifləməsində təkcə iqtisadi və sosial amillər deyil, həm də mənəvi dəyərlərin arxa plana keçməsi mühüm rol oynayır. Müasir həyat tərzi, fərdi maraqların ön plana çıxması və ailəyə baxışın dəyişməsi boşanmaların artmasına təsir göstərən əsas səbəblər sırasındadır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib ki, ailənin uzunömürlü olmasının əsas şərti onun mənəvi dəyərlər üzərində formalaşmasıdır:

“Ailə münasibətlərində maddi maraqlar üstünlük qazandıqca bu institutun dayanıqlılığı zəifləyir. Ailə yalnız mənəvi dəyərlər üzrə qurulur. Nə zaman ki ailə maddi dəyərlərə keçdi, bu zaman ailələr dağılmağa başladı. Gənclərdən soruşanda hədəfin nədir? Onlar gəzmək, karyera düşünürlər. Bu da cəmiyyətin məhvi deməkdir. Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır. Yoxsul ölkələrdə boşanma sayı olduqca azdır. Ən yüksək boşanma sayı zəngin ölkələrdədir. Bu da onu göstərir ki, ailə maddiyyat üzərində qurulub. Bir sözlə, mənəviyyat boşanmada ciddi rol oynayır”.

O bildirib ki, son illər həyat tərzinin dəyişməsi, istehlak yönümlü düşüncə tərzinin genişlənməsi və şəxsi maraqların ailə dəyərlərindən üstün tutulması nikahların davamlılığına mənfi təsir göstərir:

“Gənclərin əhəmiyyətli hissəsi ailə qurmağı uzunmüddətli məsuliyyətdən daha çox şəxsi planlarını həyata keçirdikdən sonra düşünüləcək məsələ kimi qiymətləndirir. Bu isə ailə institutunun zəifləməsinə və boşanmaların artmasına zəmin yaradır. Ailə münasibətlərində qarşılıqlı hörmət, fədakarlıq və mənəvi bağlılıq əsas yer tutmalıdır. Cəmiyyətdə ailə dəyərlərinin qorunması və gənclər arasında sağlam ailə modelinin təşviqi boşanmaların azalmasına töhfə verə biləcək vacib amillərdəndir”.

Leyla Turan

D
demokrat.az