Turizm Özəl

Turistləri aldadan hotellərə nəzarət gücləndirildi — Açıqlama

Turistləri aldadan hotellərə nəzarət gücləndirildi — Açıqlama

Dövlət Turizm Agentliyi daha 3 hotelə ulduz kateqoriyası verib. Bəs Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayının artması ölkədə turizm xidmətlərinin keyfiyyətinin yüksəldiyini deməyə əsas verirmi? Yoxsa bu artım daha çox yeni qiymətləndirmə meyarlarının və sertifikatlaşdırma prosesinin nəticəsidir? Bu dəyişiklik turistlərin məmnuniyyətinə və ölkənin beynəlxalq turizm sahəsində rəqabət qabiliyyətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Dövlət Turizm Agentliyi hotellərin ulduz təsnifatı prosesini davam etdirir.

Onun sözlərinə görə, hotellər üçün ulduz təsnifatı məcburidir:

“Bu tələb "Turizm haqqında" Qanunda da öz əksini tapıb. Hətta hotellər fəaliyyətə başladıqdan sonra 6 ay müddətində ulduz təsnifatı üçün müraciət etməlidirlər. Əks halda, ulduz almayan və müraciət etməyən hotellər barəsində cərimə tətbiq oluna bilər. Nəticə etibarilə, ulduz təsnifatının tətbiqi hotellərin müəyyən edilmiş standartlara cavab verməsinə şərait yaradır. Çünki əvvəllər müşahidə olunurdu ki, bəzi hotellər özlərini aid olduqları kateqoriyadan daha yüksək səviyyədə təqdim edir, bununla da müştərilərdə yanlış təsəvvür formalaşdırırdılar. Nəticədə isə bu hal müştəri məmnuniyyətinin azalmasına səbəb olurdu.

Hotellərin ulduz təsnifatından keçməsi və müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsi hotel sahiblərinin qarşısında konkret tələblər qoyur. Bu isə hotel sahiblərini xidmət keyfiyyətini yüksəltməyə, mövcud çatışmazlıqları aradan qaldırmağa və daha yüksək ulduz kateqoriyasına layiq olmaq üçün fəaliyyətlərini təkmilləşdirməyə sövq edir. Ulduz kateqoriyalı hotellərin sayının artması xidmət keyfiyyətinə birbaşa müsbət təsir göstərir və müştəri məmnuniyyətini artırır. Ümumiyyətlə, xidmət sektorunda, xüsusilə də turizm sahəsində vahid standartların mövcudluğu böyük əhəmiyyət daşıyır. Hotellərin ulduz təsnifatı da Avropa standartlarına uyğun şəkildə həyata keçirilir. Bu proses zamanı 300-ə yaxın meyar mövcuddur və hər bir hotel müraciət etdiyi ulduz kateqoriyasının tələblərinə müəyyən səviyyədə cavab verməlidir. Qiymətləndirmə başa çatdıqdan sonra ekspert rəyi əsasında yekun qərar verilir. Bundan əlavə, əgər hər hansı hotel ona verilmiş ulduz kateqoriyasından razı qalmazsa, apellyasiya qaydasında müraciət edə bilər. O, çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən qiymətləndirilərək daha yüksək ulduz kateqoriyası əldə etmək imkanı qazanır. Bütövlükdə, bu sistem bazarda rəqabətin və xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az