Maraqlı Özəl

10 dəqiqəyə hazırlanan spagetti reseptinin sirri — İtaliyan klassiki

10 dəqiqəyə hazırlanan spagetti reseptinin sirri — İtaliyan klassiki

Adi makaron yeməklərindən bezənlər üçün İtaliya mətbəxinin klassik reseptlərindən biri olan “Aglio e olio” yaxşı alternativ hesab olunur.

Demokrat.az xəbər verir ki, “Express” nəşrinin yazdığına görə, “The Gift of Oil” şirkətinin təsisçisi və eksperti Fil Byanki bu məşhur yeməyin cəmi 10 dəqiqəyə necə hazırlanacağını izah edib.

Mütəxəssisin sözlərinə görə, yeməyin hazırlanması üçün makaronla yanaşı cəmi beş əlavə inqrediyent tələb olunur.

Lazım olan ərzaqlar

250 qram spagetti üçün aşağıdakı inqrediyentlər tələb olunur:

* 60 millilitr soyuq sıxım zeytun yağı; * 2 diş sarımsaq; * yarım çay qaşığı quru çili lopaları; * bir ovuc təzə cəfəri; * zövqə görə “Parmesan” pendiri.

Hazırlıq zamanı sarımsaq nazik dilimlənir, cəfəri isə xırda doğranır.

Hazırlanma qaydası

İlk olaraq duzlu su qaynadılır və spagetti qablaşdırmada göstərilən müddət ərzində, adətən 7–11 dəqiqə bişirilərək *al dente* vəziyyətinə çatdırılır.

Daha sonra tavada zeytun yağı qızdırılır, üzərinə çili lopaları və sarımsaq əlavə edilərək zəif odda bir neçə dəqiqə bişirilir. Sarımsaq açıq qızılı rəng aldıqda cəfəri əlavə olunur.

Fil Byanki xəbərdarlıq edib ki, sarımsaq və çili uzun müddət qızdırılmamalıdır. Əks halda, onlar yeməyə acı dad verə bilər.

Aşpaz Fil Vikerinin tövsiyəsinə görə, cəfəri əlavə edildikdən sonra bişmiş və süzülmüş makaron tavaya əlavə olunur. Ardınca makaronun bişdiyi sudan az miqdarda tökülür. Nişastalı su zeytun yağı ilə qarışaraq qalın emulsiya yaradır və spagettini tam örtən təbii sous əmələ gətirir.

Sonda makaron orta odda təxminən 30 saniyə qarışdırılaraq qızdırılır, boşqaba çəkilir və üzərinə “Parmesan” pendiri, eləcə də əlavə göyərti səpilərək süfrəyə verilir.

Mütəxəssislərin fikrincə, bu sadə resept az sayda inqrediyentlə klassik Neapol mətbəxinin xarakterik dadını əldə etməyə imkan verir.

Jalə

D
demokrat.az