İctimai yerlərdə qadınlara qarşı zorakılığı əks etdirən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurur. Belə hadisələr təkcə hüquqi məsuliyyət məsələsi deyil, həm də zorakılığa yol verən şəxslərin psixoloji xüsusiyyətləri və cəmiyyətdə formalaşan davranış modelləri ilə bağlı müzakirələri gündəmə gətirir. Xüsusilə insanların gözü qarşısında zorakılıq törədilməsi həmin şəxsin öz hərəkətini gizlətməyə ehtiyac duymadığını, sosial qınaqdan çəkinmədiyini və aqressiyasını açıq şəkildə nümayiş etdirdiyini göstərən davranış nümunəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Leyli Abdullalı bildirib ki, ictimai yerdə insanların gözü qarşısında zorakılıq edən şəxslər barədə təkcə bir hadisəyə və ya videoya əsaslanaraq psixoloji portret çıxarmaq düzgün deyil.

Onun sözlərinə görə, belə davranış göstərən insanlar çox vaxt qəzəblərini idarə etməkdə çətinlik çəkirlər:
“Münaqişəni danışaraq həll etmək əvəzinə, emosiyalarının təsiri ilə hərəkət edirlər. Burada ailədə gördükləri davranış modeli, böyüdükləri mühit və həyat təcrübələri də mühüm rol oynayır. Çünki hər insanın emosiyalarını idarə etmə bacarığı eyni deyil. Bəziləri əsəbiləşəndə sakitləşməyi və vəziyyəti danışıq yolu ilə həll etməyi bacarır. Digərləri isə impulsiv davranır və özünü saxlaya bilmir. Bu, təkcə xasiyyət məsələsi deyil, insanın aldığı tərbiyə, yaşadığı təcrübələr və stresslə mübarizə bacarıqları ilə də əlaqəlidir.
Ola bilər ki, əvvəllər də belə hadisələr baş verirdi, sadəcə indi sosial şəbəkələr sayəsində daha tez yayılır və hamı görür. Amma bir həqiqət də var ki, uzunmüddətli stress, sosial və iqtisadi problemlər insanların gərginliyini artırır. Bu gərginlik düzgün idarə olunmadıqda aqressiv davranışlara səbəb ola bilir.
İnsanların belə hadisələrə şahid olduqda çox vaxt müdaxilə etməməsinin əsas səbəbi qorxudur. İnsanlar özlərinə zərər gələcəyindən ehtiyat edirlər. Digər tərəfdən, çox adamın olduğu yerdə hər kəs düşünür ki, yəqin kimsə müdaxilə edəcək və ya polis çağıracaq. Psixologiyada buna "şahid effekti" deyilir. Amma müdaxilə etmək mütləq davaya qoşulmaq demək deyil. Ən düzgün addım aidiyyəti qurumlara xəbər vermək və imkan daxilində zərərçəkən şəxsə təhlükəsiz şəkildə dəstək olmaqdır”, – deyə psixoloq fikrini tamamlayıb.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə zoo mağazada qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər paylaşılıb.


