Yay aylarında havaların həddindən artıq isti keçməsi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün sağlamlıq risklərini artırır.yüksək temperatur fonunda alkoqol qəbulu xüsusilə ürək-damar, arterial hipertenziya və şəkərli diabet xəstələri üçün ciddi fəsadlara səbəb ola bilər. Bəs isti havalarda alkoqol orqanizmə necə təsir edir, hansı təhlükələri yaradır və xroniki xəstələr hansı hallarda alkoqoldan tamamilə imtina etməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kardioloq Günay Rəhimova bildirib ki, xroniki ürək-damar xəstəliyi olanlar, arterial hipertenziyası və şəkərli diabeti olan şəxslər üçün alkoqol qəbulu ciddi risklər yarada bilər.
Onun sözlərinə görə, yayda yüksək temperatur orqanizmdə maye və elektrolit itkisini artırır:
“Alkoqol isə sidikqovucu təsir göstərərək bu prosesi daha da gücləndirir. Nəticədə ürək-damar xəstəliyi, arterial hipertenziyası və şəkərli diabeti olan şəxslərdə ciddi sağlamlıq problemləri yarana bilər. Əsas risklərdən biri susuzlaşmadır. Bu vəziyyət arterial təzyiqin enməsi, başgicəllənmə, halsızlıq və hətta huşun itirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, alkoqol ürək ritm pozğunluqlarını, xüsusilə qulaqcıq fibrilasiyasını yarada bilər. İsti hava fonunda kalium və maqnezium kimi elektrolitlərin azalması bu riski daha da artırır.
Hipertenziyası olan xəstələrdə alkoqol təzyiqin əvvəl enməsinə, daha sonra isə yüksəlməsinə səbəb ola bilər və qəbul edilən təzyiq dərmanlarının təsirini dəyişdirə bilər. Ürək çatışmazlığı olan şəxslərdə isə ürəyin yükünü artıraraq vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
Şəkərli diabet xəstələrində alkoqol qan şəkərinin kəskin dəyişməsinə səbəb olur. Xüsusilə insulin və ya bəzi şəkərsalıcı preparatlar qəbul edən şəxslərdə gecikmiş hipoqlikemiya riski artır. Şirin alkoqollu içkilər isə əksinə, qanda şəkərin yüksəlməsinə səbəb ola bilər.
Bu şəxslər alkoqol qəbul edəcəkləri halda onu acqarına qəbul etməməli, kifayət qədər su içməli, günün ən isti saatlarında alkoqoldan uzaq durmalı, təzyiqi və qan şəkərini nəzarətdə saxlamalıdırlar.
Ağır ürək çatışmazlığı, nəzarətsiz arterial təzyiq (xəstə müalicəyə əməl etmir), son zamanlarda keçirilmiş infarkt və ya insult, aritmiyalar, ağır qaraciyər və mədəaltı vəzi xəstəlikləri, hamiləlik, nəzarətsiz şəkərli diabet olan xəstələrə alkoqoldan tamamilə imtina etmək tövsiyə edirəm.
Müasir elmi məlumatlara əsasən, ürək-damar sağlamlığı baxımından tam təhlükəsiz alkoqol miqdarı mövcud deyil. Məsələn, bəzən deyirlər ki, filan içkidə alkoqol azdır və ya təbiidir. Bunların hamısı eyni risk daşıyır. Pivə çəki artımına səbəb olur. Araq ürəyə toksik təsir göstərə bilər. Viski və digər alkoqollu içkilər də oxşar risk daşıyır.
Xüsusilə yay mövsümündə xroniki xəstəlikləri olan şəxslər üçün alkoqolun mümkün qədər məhdudlaşdırılması və ya ondan tamamilə imtina edilməsi ən təhlükəsiz yanaşmadır”, – deyə kardioloq fikrini tamamlayıb.


