Cəmiyyət Özəl

“Proqramlaşdırma yox olmayacaq, dəyişəcək” — Ekspertdən İlon Maskın açıqlamasına cavab

“Proqramlaşdırma yox olmayacaq, dəyişəcək” — Ekspertdən İlon Maskın açıqlamasına cavab

Bir vaxtlar proqramlaşdırma yalnız yüksək texniki bilik tələb edən mürəkkəb sahə hesab olunurdu. Bu gün isə süni intellekt kod yazmaq, səhvləri tapmaq və proqram təminatının hazırlanması prosesinə kömək etmək imkanına malikdir. İlon Maskın “ilin sonuna qədər proqramlaşdırmaya ehtiyac qalmayacaq” fikri isə texnologiyanın gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb. Bəs bu, real proqnozdur, yoxsa süni intellektin imkanlarını vurğulayan iddialı yanaşmadır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, İlon Maskın bu tipli açıqlamalarına baxarkən iki şeyi ayırmaq lazımdır: texnoloji tendensiya və kommunikasiya strategiyası.

Onun sözlərinə görə, tendensiya realdır. Kod yazma prosesi son iki ildə həqiqətən sürətlə avtomatlaşır və bu gün bir çox işi əvvəllər saatlarla yazılan kodla deyil, düzgün qurulmuş bir təlimatla həll etmək mümkündür:

“Amma "ilin sonuna qədər proqramlaşdırma lazımsız olacaq" ifadəsi mənim baxışımda texnoloji proqnozdan çox, diqqəti cəlb etməyə yönəlmiş kəskin bir formuladır. Texnologiya sahəsində liderlərin belə radikal tarixlər verməsi yeni hal deyil və bu açıqlamalar çox vaxt reallıqdan daha sürətli qrafik təklif edir.

Burada əsas məqam odur ki, "kod yazmaq" ilə "proqram qurmaq" eyni şey deyil. Kodun sintaksisini yazmaq, yəni texniki icra hissəsi, həqiqətən avtomatlaşan hissədir. Lakin bir sistemin necə işləməli olduğunu müəyyən etmək, arxitekturanı qurmaq, məhsulun məntiqini formalaşdırmaq, təhlükəsizlik və miqyas risklərini görmək, səhvin haradan gəldiyini anlamaq – bunlar hələ də insan mühakiməsi tələb edir. Süni intellekt sürətlə kod yaza bilir, amma yazdığı kodun doğru sual üçün doğru cavab olub-olmadığını qiymətləndirmək insanın üzərində qalır.

Ona görə də "kod yazan mütəxəssis" anlayışı yox olmayacaq, sadəcə yenidən təyin olunacaq. Proqramçının rolu icraçıdan daha çox yönləndirici, memar və nəzarətçi roluna keçir. Məsələnin risk tərəfini də görmək lazımdır. Real təhlükə proqramçı peşəsinin itməsi deyil, giriş səviyyəli mövqelərin daralmasıdır. Əvvəllər gənc mütəxəssis sadə tapşırıqları icra edərək təcrübə qazanırdı. İndi həmin tapşırıqların çoxunu AI icra edir. Bu, sənayedə uzunmüddətli kadr boşluğu yarada bilər, çünki təcrübəli mütəxəssis birdən-birə yaranmır. Digər tərəfdən isə imkan bundan ibarətdir ki, texniki baryer aşağı düşdükcə ideyası olan, amma kod yaza bilməyən insanlar məhsul qura bilir və bu, innovasiyanın dairəsini genişləndirir.

Məncə, süni intellekt insan yaradıcılığını və analitik düşüncəni əvəz etmir, onların dəyərini artırır. Çünki icra ucuzlaşdıqca fərq yaradan şey icra deyil, doğru problemi seçmək, doğru sualı vermək və nəticəni qiymətləndirmək bacarığı olur. Yaxın gələcəkdə fərq AI-dən istifadə edənlə etməyən arasında yox, AI-ni düzgün yönləndirənlə sadəcə nəticəni qəbul edən arasında olacaq.

Praktik tövsiyəm budur: proqramlaşdırma öyrənməkdən imtina etmək yox, öyrənmə istiqamətini dəyişmək lazımdır. Bu gün dəyərli olan yalnız dil bilmək deyil, sistem düşüncəsi, məhsul məntiqi, arxitektura anlayışı, kod oxuma və yoxlama bacarığı, bir də AI ilə effektiv iş axını qurmaqdır. Kim bu kombinasiyanı mənimsəyirsə, AI onun rəqibi yox, gücləndiricisi olur”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

D
demokrat.az