Dünyanın bir çox böyük şəhərində səs çirkliliyi getdikcə daha ciddi ekoloji və ictimai sağlamlıq probleminə çevrilir. Avtomobil siqnalları, intensiv nəqliyyat axını, tikinti işləri və sənaye obyektlərindən yayılan yüksək səviyyəli səs-küyün bir sıra şəhərlərdə təhlükəsiz həddi aşır. Bu məsələ insanlarda bir sıra narahatlıqları ortaya çıxarır.
Maraqlıdır, gün ərzində məruz qaldığımız görünməz səs-küy daxili aqressiyanı tətikləyərək məişət zorakılığının və küçə davası hallarının artmasında əsas gizli səbəbdir?
Demokrat.az-a bu barədə danışan neyropsixoloq Aytəkin Aslan deyib ki, müasir şəhərlərdə əhalinin gündəlik həyatına təsir edən əsas ekoloji problemlərdən biri səs çirkliliyidir:
“Avtomobil nəqliyyatı, tikinti işləri, sənaye müəssisələri və digər antropogen mənbələrdən yayılan səs-küy təkcə eşitmə sisteminə deyil, insanın psixoloji vəziyyətinə və davranışına da təsir göstərir. Son illərin araşdırmaları göstərir ki, yüksək səviyyəli səs-küyə uzun müddət məruz qalmaq stressin artmasına, yuxu pozuntularına, diqqətin zəifləməsinə və emosional gərginliyə səbəb ola bilər. Elmi nəticələr səs-küyün zorakılığın birbaşa səbəbi olmadığını, lakin aqressiv davranış riskini artıran mühüm ekoloji amillərdən biri olduğunu göstərir.
Dünyanın böyük şəhərlərində avtomobil siqnalları, intensiv nəqliyyat axını, tikinti işləri və sənaye obyektlərindən yayılan səs-küy artıq sadəcə narahatlıq mənbəyi deyil, həm də ciddi ekoloji və ictimai sağlamlıq problemidir. Qeyd edək ki, 65 desibeldən yuxarı səs-küy əsəbilik, hiddət, yuxu pozuntusu və zehni yorğunluq yaradan hədd hesab olunur. Ani və gözlənilməz səslər isə orqanizmdə adrenalin ifrazını artırır, ürək döyüntüsünü və qan təzyiqini yüksəldir, diqqəti zəiflədir. Beyin bu cür səsləri təhlükə siqnalı kimi qəbul edərək avtomatik şəkildə mübarizə və ya qaç reaksiyasını işə salır. Neyrobioloji baxımdan səs-küy simpatik sinir sistemini uzun müddət aktiv vəziyyətdə saxlayır. Nəticədə kortizol və adrenalin kimi stress hormonlarının səviyyəsi yüksək qalır, bu da emosiyaların tənzimlənməsini çətinləşdirir. Araşdırmalar göstərir ki, insan mənşəli səslər, mübahisə, bağırtı, siqnal kimi səslər beyində sosial təhlükə reaksiyasını gücləndirir. Əksinə, yağış, quş səsi və axar su kimi təbii səslər sakitləşdirici təsir göstərir. Digər mühüm amil nəzarətsizlik hissidir. İnsan idarə edə bilmədiyi səs-küyə qonşuda təmir, yaxınlıqdakı tikinti və ya intensiv nəqliyyat səsinə daha həssas reaksiya verir.
Aytəkin Aslan əlavə edib ki, Seligmanın “öyrənilmiş çarəsizlik” nəzəriyyəsinə görə, nəzarət olunmayan stress mənbələri insanı daha sürətli psixoloji tükənməyə aparır və uzunmüddətli əsəbilik üçün zəmin yaradır: “Səs-küy həm də yuxu keyfiyyətini pozur. Gecə saatlarında davam edən səs-küy hormonal tarazlığı dəyişdirir, yuxusuzluq isə impuls nəzarətini zəiflədir və aqressiv reaksiyaların yaranma ehtimalını artırır. Bununla yanaşı, eyni səviyyədə olan səs müxtəlif şəraitdə fərqli təsir göstərə bilər. Məsələn, iş yerindəki səs-küy stress yaratsa da, konsert zamanı eyni səviyyəli səs müsbət emosiyalar doğura bilər. Buna görə də səsin mənbəyi və insanın ona münasibəti psixoloji təsirin gücünü müəyyən edən vacib amillərdəndir. Araşdırmalar uzunmüddətli səs-küyün davranış pozuntuları, narahatlıq, tez hiddətlənmə, konsentrasiya çatışmazlığı, iş qabiliyyətinin azalması və emosional dayanıqlığın zəifləməsi ilə əlaqəli olduğunu göstərir. Bu hallar ailədə, küçədə və ictimai mühitdə insanların daha tez təhrik olunmasına və münaqişələrin yaranmasına şərait yarada bilər. Ümumilikdə, şəhər səs-küyü kortizolun artması, yuxu pozuntuları və simpatik sinir sisteminin davamlı aktivləşməsi vasitəsilə insanın emosional tarazlığına təsir göstərir. Proqnozlaşdırılmayan və nəzarətdən kənar səs-küy beynin qorxu mərkəzi olan amiqdalanı aktiv saxlayaraq “hipervijilans” davamlı təhlükə gözləmə vəziyyəti yarada bilər. Bu isə insanın gündəlik hadisələrə daha sərt və impulsiv reaksiya verməsini neyrobioloji baxımdan izah edir. Səs-küyü zorakılığın birbaşa səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Lakin onun aqressiv davranış riskini artıran mühüm ekoloji amillərdən biri olduğu elmi araşdırmalarla dəstəklənir. Buna görə də şəhər səs-küyünün azaldılması yalnız ətraf mühit və eşitmə sağlamlığı üçün deyil, həm də ictimai psixoloji rifahın qorunması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, zorakılığın qarşısının alınması üçün sosial dəstək, maarifləndirmə və psixoloji yardım xidmətlərinin inkişafı da kompleks yanaşmanın vacib hissəsidir”.


