Son illərdə Azərbaycanda rəqəmsal ödənişlərdən istifadə sürətlə genişlənir. Kartla ödənişlər, mobil bankçılıq tətbiqləri, QR kod və təmassız ödəniş üsullarının yayılması gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edib.
Bəs rəqəmsal ödənişlərin genişlənməsi həqiqətən də nağd pula tələbatı azaldırmı?
Demokrat.az-a məsələ ilə bağlı danışan iqtisadçı Asif İbrahimov rəqəmsal ödənişlər nağd pulu tam əvəz etmədiyini, lakin onun iqtisadiyyatda rolunu əhəmiyyətli dərəcədə azaltdığını deyib:
“Son illərdə Azərbaycanda rəqəmsal ödənişlərin sürətlə inkişafı maliyyə sistemində ciddi dəyişikliklər yaradıb. Kartla ödənişlər, mobil bankçılıq, QR kod və təmassız ödəniş texnologiyaları artıq milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu tendensiya göstərir ki, ölkə rəqəmsal iqtisadiyyata keçid prosesini sürətlə yaşayır. Bununla belə, “rəqəmsal ödənişlər nağd pulu tamamilə aradan qaldıracaq” fikri hələ ki, reallığı tam əks etdirmir. Daha doğru ifadə budur ki, rəqəmsal ödənişlər nağd pula olan tələbatı tədricən azaldır. Rəqəmsal ödənişlərin ən böyük üstünlüklərindən biri şəffaflığın artmasıdır. Elektron əməliyyatlar iz buraxdığı üçün vergidən yayınma, qeyri-rəsmi dövriyyə və kölgə iqtisadiyyatının həcmi azalır. Dövlət üçün vergi inzibatçılığı asanlaşır, biznes üçün maliyyə uçotu sadələşir, vətəndaş isə daha təhlükəsiz və rahat ödəniş imkanları əldə edir. Digər mühüm üstünlük iqtisadi səmərəliliyin artmasıdır. Nağd pulun çapı, daşınması, saxlanılması və mühafizəsi dövlət və bank sistemi üçün ciddi xərclər yaradır. Rəqəmsal ödənişlər bu xərcləri əhəmiyyətli dərəcədə azaldır və maliyyə dövriyyəsini sürətləndirir. Amma nağd pul yaxın perspektivdə tam dövriyyədən çıxmayacaq. Bunun bir neçə səbəbi var. Bəzi bölgələrdə rəqəmsal infrastruktur hələ də tam inkişaf etməyib. Kiçik ticarət obyektlərinin hamısı elektron ödəniş sistemlərindən istifadə etmir. Bundan əlavə, fövqəladə hallar, texniki nasazlıqlar və kibertəhlükələr zamanı nağd pul alternativ ödəniş vasitəsi kimi əhəmiyyətini qoruyur”.
Asif İbrahimov əlavə edib ki, cəmiyyətin bütün təbəqələrinin rəqəmsal maliyyə xidmətlərindən istifadə imkanları eyni deyil:
Yaşlı nəsil, texnologiyadan istifadə bacarığı məhdud olan insanlar və bəzi kənd yaşayış məntəqələrində yaşayan vətəndaşlar hələ də nağd hesablaşmaya üstünlük verirlər. Bu səbəbdən keçid mərhələli şəkildə baş verəcək. Əsas məqsəd nağd pulu qadağan etmək deyil, vətəndaşın rəqəmsal ödənişi daha rahat, daha təhlükəsiz və daha sərfəli hesab etməsinə nail olmaqdır. İnsanlar məcbur olduqları üçün deyil, onun üstünlüklərini gördükləri üçün rəqəmsal ödənişlərə keçməlidirlər. Azərbaycan üçün rəqəmsal ödənişlərin genişlənməsi təkcə bank sektorunun inkişafı deyil, həm də kölgə iqtisadiyyatının azaldılması, maliyyə şəffaflığının artırılması və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkdə nağd pul tamamilə yox olmasa da, onun iqtisadiyyatda payının əhəmiyyətli dərəcədə azalacağı qaçılmaz görünür”.


