Sağlamlıq Özəl

Antibiotik vurulmazdan əvvəl bunlar mütləq yoxlanılmalıdır — Həkim

Antibiotik vurulmazdan əvvəl bunlar mütləq yoxlanılmalıdır — Həkim

Quba Rayon Mərkəzi Xəstəxanasında baş verən faciəli hadisə cəmiyyətdə narahatlıq doğurub. İddialara görə, 5 aylıq hamilə qadın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb və həyatını itirib. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Hadisə ilə bağlı ginekoloq Elnurə Salmanova Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, hamilə və ya qeyri-hamilə olmasından asılı olmayaraq, ümumiyyətlə antibiotiklərə qarşı həssaslıq mütləq araşdırılmalıdır:

“Xəstənin anamnezi öyrənilməli, ondan ətraflı məlumat alınmalıdır ki, hansı dərmanlara və ya maddələrə qarşı allergik reaksiyası olub. Xüsusilə iynə şəklində tətbiq olunan antibiotiklərə daha diqqətlə yanaşmaq lazımdır. Çünki bu preparatlar birbaşa qana keçərək tez sorulur və allergik reaksiya da qısa müddətdə inkişaf edə bilər. Belə halların qarşısını almaq üçün xəstəyə əvvəlcədən prob qoyulmalıdır”.

Həkim qeyd edib ki, bəzən prob zamanı heç bir reaksiya müşahidə olunmur, lakin sonradan gecikmiş allergik reaksiyalar baş verə bilir:

“Bu zaman gec anafilaktik şok inkişaf edə bilər. Belə hallar bəzən həm xəstənin, həm də həkimin diqqətindən kənarda qala bilir. Anafilaktik şok zamanı təcili tibbi müdaxilə üsulları mövcuddur. Düşünürəm ki, xəstəxanada da zəruri təcili yardım göstərilib. Lakin bəzi hallarda anafilaktik şokun qarşısını almaq və onu tam idarə etmək mümkün olmur. Ailəyə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Leyla Turan

D
demokrat.az