İqtisadiyyat Özəl

Yoxlamalar dayandırıldı — Ət və balığın qiyməti artacaq?

Yoxlamalar dayandırıldı — Ət və balığın qiyməti artacaq?

Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnaların artırılması və yeni meyarların tətbiqi sahibkarların inzibati yükünün azaldılması baxımından müsbət qiymətləndirilsə də, bunun bazarda ət, toyuq və balıq məhsullarının qiymətlərinə təsiri müzakirə mövzusudur.

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, yoxlamaların dayandırılmasının ət və balıq məhsullarının qiymətlərinə hər hansı təsiri gözlənilmir:

"Bu qərarın bazarda bahalaşma riski yaradacağını demək düzgün olmaz. Ümumiyyətlə, ət və balıq bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amillər istehsal xərcləri, yem qiymətləri, idxal və logistika xərcləri, mövsümi tələbat, eləcə də bazardakı ümumi iqtisadi proseslərdir. Yoxlamaların müvəqqəti dayandırılması isə bu amillərə birbaşa təsir göstərən faktor deyil”.

O deyib ki, ona görə də qiymətlərdə baş verə biləcək dəyişiklikləri yalnız bu qərarla əlaqələndirmək doğru olmaz:

“Əgər gələcəkdə qiymət artımı müşahidə edilərsə, bunun səbəbləri daha çox bazarın iqtisadi şərtləri və məhsulun maya dəyərinə təsir edən amillərlə bağlı olacaq. Qısacası, yoxlamaların dayandırılmasının nə ət, nə də balıq bazarında qiymətlərin bahalaşmasına səbəb olacağı gözlənilmir. Bu qərarın qiymətlərə hər hansı formada ciddi təsir göstərəcəyi ehtimal edilmir”.

Leyla Turan

D
demokrat.az