Gəncə şəhərində 29 yaşlı oğlan 17 yaşlı yeniyetməni öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi Gəncə şəhəri, “Azərbaycan Əsgəri” küçəsində yerləşən “Yeddi qardaş” marketin yaxınlığında baş verib.
1997-ci il təvəllüdlü Ələddin Fərzəliyev özündən 12 yaş kiçik olan Əziz Qurbanovu öldürüb. Hadisə söyüş üstündə yaranıb.
Belə ki, marketin yaxınlığında Əziz Ələddini nalayiq ifadələrlə təhqir edib, bıçaqla sol baldır nahiyəsinə vurub. Sonra isə 17 yaşlı yeniyetmə səki daşı ilə Ələddinin baş nahiyyəsinə vurub.
Bundan hiddətlənən Ələddin Əzizin hərəkətlərini şəxsiyyətinə sığışdırmayıb, şərəf və ləyaqətinin alçalması kimi qiymətləndirib. O, Əzizi öldürmələ ondan qisas almaq qərarına gəlib.
Ələddin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 01:45-də idarə etdiyi “Vaz 21074” markalı avtomobilin ön tərəfi ilə Əziz Qurbanovu qəsdən vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Əziz ölüb.
Ələddin Fərzəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ələddin ifadəsində göstərib ki, avtoyuma məntəqəsində olan zaman Əziz Qurbanov əlində bıçaqla gələrək ona qarşı söyüşlü ifadələrdən istifadə edib: “Mənim üzərimə gəldiyi zaman əlindən bıçağı aldım və qaytardıqdan sonra öz obyektimə yollandım. “Yeddi Qardaş” adlanan mağazaya getdim. İçəri girdikdə Əziz yenə mənə qarşı söyüşlü ifadələr işlətdi. Daha sonra mərhum anidən qaçaraq mənə məxsus olan avtomobilə əyləşdi və yüksək sürətlə idarə etdi. Geri qayıtdığı zaman avtomobildən düşərək boynumun arxa nahiyəsinə əli ilə zərbə endirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, həmçinin ondan “Əziz, mənim səninlə heç bir problemim olmayıb, niyə mənə söyüş söyürsən, şapalaq atırsan” deyə soruşub: “O, isə cavabında “yaxşı edirəm” deyə bildirdi. Avtomobilimə əyləşən zaman Əziz Qurbanov bıçaqla ayaq nahiyəmə zərbə endirdi. Lakin bıçağın arxa hissəsi ilə vurulduğunu ehtimal etdim və yaralı vəziyyətdə avtomobili işlədiyim bərbərxanaya doğru hərəkər etdirdim. Əzizdən məni nə səbəbə vurduğunu soruşsam da, o, səbəbini izah etmədi. Hadisə vaxtı Əzizin əlində 2 ədəd bıçaq olub. Həmçinin səki daşını götürərək baş nahiyəmə zərbə endirdi. Bu səbəbdən özümdə olmadan avtomobilə əyləşdim və hərəkətdə olan zaman onu vurdum. Mərhumu vuran zaman özümə gəldim və onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmaq istəsəm də, lakin mühərrik işə düşmədi. Atama zəng edərək hadisə yerinə çağırdım və mərhumu xəstəxanaya apardılar. Sonra polis şöbəsinə gedərək təslim oldum”.
Təqsirləndirilən şəxs bildirib ki, Əziz Qurbanovla eyni məhəllədə yaşayıb və əvvəllər aralarında heç bir mübahisə olmayıb: “Hadisə zamanı Əziz Qurbanovun sərxoş olduğunu hiss etmədim. Bizim ilk mübahisəmiz avtoyuma məntəqəsində baş verdi. Əziz bıçaqla mənim üzərimə gəldi. Əzizdən nə üçün belə hərəkət etdiyini soruşdum. O, izah edə bilmədi. “Yeddi Qardaş” adlanan mağazaya getdiyim zaman mənə qarşı nalayiq ifadələrdən istifadə etdi, sonra o avtomobili saxladıqda ona bıçaqla zərbə endirdi. Ətrafda tanımadığım insanlar olub və mərhumun əlindən bıçağı alıblar”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


