Uzun və sağlam ömür sürmək bir çox insanın əsas məqsədlərindən biridir.
Demokrat.az "HuffPost" nəşrinə istinadən xəbər verir ki, buna yalnız irsiyyət və yaş deyil, gündəlik həyat tərzi də ciddi təsir göstərir. Gündəlik vərdişlər sağlam qocalmanı dəstəkləyə və ya əksinə, xroniki xəstəliklərin, ürək-damar problemlərinin, yaddaş pozğunluqlarının və hərəkət məhdudiyyətlərinin yaranması riskini artıra bilər.
Nəşr həkimlərin tövsiyələrinə əsaslanaraq uzunömürlülüyə ən çox mənfi təsir göstərən 10 geniş yayılmış vərdişi sadalayıb.
1. Profilaktik müayinələrdən imtina
Mütəmadi tibbi müayinələr, peyvəndlər və skrininq yoxlamaları təhlükəli xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edir.
2. Sosial təcrid
Məqalədə qeyd olunur ki, aktiv sosial münasibətlər beyin fəaliyyətinə və ömür uzunluğuna müsbət təsir göstərir. Geriatriya mütəxəssisi Li Lindkvistin sözlərinə görə, xüsusilə müsbət emosiyalar bəxş edən insanlarla əlaqələri qorumaq vacibdir. O xatırladıb ki, COVID-19 pandemiyası yaşlı insanlarda sosial təcridin idrak funksiyalarına mənfi təsirini açıq şəkildə göstərib.
3. Dərman qəbulunun yaşa uyğun yenidən qiymətləndirilməməsi
Ekspert bildirir ki, illər əvvəl təyin olunan bəzi dərmanlar yaş artdıqca artıq uyğun olmaya bilər. Bəzi preparatlar yıxılma riskini artıra və yaddaşa mənfi təsir göstərə bilər. Buna görə də müalicə planı ailə həkimi ilə mütəmadi olaraq nəzərdən keçirilməlidir.
4. Fiziki aktivliyin az olması
Mütəxəssislər vurğulayırlar ki, hərəkət sağlamlığın qorunmasının ən təsirli yollarından biridir. Həkimlər yalnız eyni tip məşqlərlə kifayətlənməməyi və fiziki aktivliyi tədricən artırmağı tövsiyə edirlər.
5. Siqaret çəkmək
Siqaret çəkmək ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, insult və digər ciddi sağlamlıq problemlərinin riskini artırır. Güclü nikotin asılılığı olan şəxslərə peşəkar tibbi dəstək almaları tövsiyə olunur.
6. Sağlam olmayan qidalanma
Ekspertlərin fikrincə, uzunömürlülük üçün ən uyğun qidalanma modeli balıq, tərəvəz, meyvə və tam taxıl məhsulları ilə zəngin Aralıq dənizi pəhrizidir. Sağlam qidalanma vərdişlərini mümkün qədər erkən formalaşdırmaq tövsiyə olunur.
7. Xroniki yuxu çatışmazlığı
Məqalədə bildirilir ki, kifayət qədər yatmamaq demensiya, ürək xəstəlikləri və davamlı stress riskini artırır. Həkimlər böyüklərə gündə 7–9 saat yatmağı, xoruldama və ya yuxu apnesinin əlamətləri müşahidə olunduqda isə həkimə müraciət etməyi məsləhət görürlər.
8. Nəzarətsiz stress
Uzunmüddətli stress immun sistemini zəiflədir, yuxu keyfiyyətini pisləşdirir, arterial təzyiqi yüksəldir və maddələr mübadiləsinə mənfi təsir göstərir. Buna görə də psixoloji dəstək və ya həyat tərzində dəyişikliklər vasitəsilə stressi idarə etməyi öyrənmək vacibdir.
9. Gələcək sağlamlıqla bağlı planın olmaması
Li Lindkvist yalnız həyatın son dövrünü deyil, ondan əvvəlki illəri də planlaşdırmağın vacibliyini vurğulayır. Mütəxəssis ailə üzvləri ilə gələcəkdə mümkün qulluq, yaşayış yeri və digər vacib qərarların əvvəlcədən müzakirə edilməsini tövsiyə edir.
10. Maliyyə planlaşdırmasının olmaması
Məqalədə uzunömürlülüyün mühüm amillərindən birinin maliyyə hazırlığı da olduğu qeyd edilir. ABŞ-ın Şimali Karolina ştatındakı “Duke” Universitetinin Yaşlanma Mərkəzinin direktoru Hizer Vitsonun (Heather Whitson) sözlərinə görə, getdikcə daha çox insan gözlədiyindən daha uzun yaşadığı üçün yığımlarını vaxtından əvvəl tükəndirir. Həkimlər hesab edirlər ki, fiziki sağlamlığın qorunması ilə yanaşı, gələcək maliyyə vəziyyətinin planlaşdırılması da eyni dərəcədə əhəmiyyətlidir.


