İqtisadiyyat Özəl

"Hazırda pomidor istehsalçılarının ümumi vəziyyəti heç də ürəkaçan deyil"

Hazırda pomidor istehsalçılarının ümumi vəziyyəti heç də ürəkaçan deyil

Son illər Azərbaycanın qeyri-neft ixracında mühüm paya malik olan pomidor istehsalı və ixracı bir sıra ciddi çağırışlarla üzləşib. Rəsmi statistikada ixrac həcminin artması müsbət dinamika kimi qiymətləndirilsə də, sahədə formalaşan iqtisadi mənzərə bunun hər zaman fermerlərin və ixracatçıların gəlirlərinə müsbət təsir göstərmədiyini göstərir. Beynəlxalq bazarlarda qiymət dəyişiklikləri, istehsal xərclərinin bahalaşması, logistika problemləri və ixrac bazarlarından asılılıq istixana təsərrüfatlarının rentabelliyini azaldan əsas amillər sırasındadır.

Xüsusilə Azərbaycanın əsas ixrac bazarı olan Rusiyada pomidorun qiymətində baş verən dəyişikliklər yerli istehsalçılara birbaşa təsir edir. Məhsulun satış qiymətinin aşağı düşməsi fonunda nəqliyyat, qablaşdırma, enerji və digər istehsal xərclərinin artması fermerlərin mənfəət marjasını minimuma endirir, bəzi hallarda isə onları məhsulu zərərlə satmağa məcbur edir. Bu vəziyyət kənd təsərrüfatı ilə məşğul olan ailələrin gəlirlərinə mənfi təsir göstərməklə yanaşı, istixana biznesinin davamlılığı ilə bağlı sualları da artırır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Dövlət Gömrük Komitəsi ixrac olunan məhsulun ixrac dəyərini hesablayır.

Onun sözlərinə görə, ölkədən çıxarılan məhsulun həcmini orta ixrac qiymətinə vurur:

“Məsələn, bu ilin birinci yarımilliyi üzrə hesablamalarda pomidorun 1 kiloqramı təxminən 1,2 ABŞ dolları, yəni təxminən 2 manat kimi götürülüb. Belə çıxır ki, Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun 1 kiloqramının orta satış qiyməti 2 manat olub. Halbuki həmin dövrdə Bakı bazarında pomidorun qiyməti qış aylarında 7–8 manata, bəzən isə 4–5 manata satılırdı. Bazarda 2 manatlıq qiymət müşahidə olunmurdu.

Son günlər Moskvada pomidorun qiyməti kəskin şəkildə aşağı düşüb və bunun təsiri Azərbaycanda da hiss olunmağa başlayıb. Lakin bu, daha çox cari aya aiddir. Biz isə yanvar–iyun aylarını əhatə edən statistikadan danışırıq.

İxracın fiziki həcmi artıb. Gəlirlə bağlı rəqəmlər isə, qeyd etdiyim kimi, Gömrük Komitəsinin təxmini hesablamalarına əsaslanır. Mən iyun ayında Moskva bazarı ilə bağlı araşdırma aparmış və bu barədə canlı yayımda da çıxış etmişdim.

Həmin vaxt Moskvada pomidorun qiyməti o qədər aşağı düşmüşdü ki, Azərbaycan ixracatçıları 6 kiloqramlıq bir yeşik pomidoru cəmi 350 rubla satırdılar. Maraqlıdır ki, 350 rubl təxminən bir yeşiyin Şəmkirdən Moskvaya daşınmasının nəqliyyat xərcinə bərabər idi.

Bundan əlavə, yeşiyin özünün qiyməti, qablaşdırma xərcləri, məhsulun kənddən böyük yük maşınına çatdırılması üçün istifadə olunan kiçik yük avtomobillərinin xərcləri, eləcə də istehsal xərcləri var. Yəni bütün bu məsrəflər nəzərə alınanda istehsalçılar faktiki olaraq məhsulu zərərlə satırdılar və qazanc əldə etmirdilər.

Məsələn, Şəmkir rayonunun Düyərli kəndində insanlar hələ ötən əsrin 90-cı illərinin ortalarından pomidor istehsalı ilə məşğuldurlar. Bu gün həmin kəndə getsəniz, istehsalçıların vəziyyətini öz gözlərinizlə görə bilərsiniz. Onlar özləri də təsdiqləyəcəklər ki, bir il qazanc əldə edir, növbəti il isə ziyanla işləyirlər. Bu vəziyyət uzun illərdir davam edir və əksəriyyətinin başqa gəlir mənbəyi yoxdur.

Son illərdə pomidor istehsalçılarının sayı da xeyli azalıb. Səbəb odur ki, fermerlər başa düşürlər: bir il zərər edib, növbəti ildə qazancı gözləmək iqtisadi baxımdan səmərəli deyil. Buna görə də bəziləri başqa sahələrə üz tutur, bəziləri isə Bakıya və ya Rusiyaya gedərək fərqli işlərlə məşğul olurlar.

Ümumilikdə ölkəyə daxil olan valyuta məbləği böyük görünə bilər. Lakin reallıq ondan ibarətdir ki, əsas qazancı yalnız qış mövsümündə, bir neçə ay ərzində pomidor istehsal edib ixrac edənlər əldə edə bilirlər. İlin qalan hissəsində gəlirlilik xeyli aşağı səviyyədə olur. Hazırda pomidor istehsalçılarının ümumi vəziyyəti heç də ürəkaçan deyil.

İstixanalarda pomidor yetişdirmək çox baha başa gəlir. İstehsal xərcləri yüksəkdir. Bundan başqa, Moskvaya daşınma xərcləri də durmadan artır. Məsələn, ötən illə müqayisədə bu il 20 tonluq yük avtomobili ilə daşınmanın qiyməti təxminən 500 ABŞ dolları artıb və bu artım hər il davam edir.

Digər mühüm problem isə Rusiyada dizel yanacağı ilə bağlı yaşanan çətinliklərdir. Bu da Azərbaycan ixracatçılarına mənfi təsir göstərir. Daşınma xərcləri artır, məhsul vaxtında təyinat yerinə çatmır, nəticədə xarab olur və ixracatçılar ziyana düşürlər.

Ona görə də açıqlanan "ölkəyə bu qədər valyuta gəlib" kimi rəqəmlər ilk baxışdan cəlbedici görünsə də, sahənin real vəziyyəti bundan fərqlidir. Pomidor istehsalı və ixracı sahəsində ciddi problemlər mövcuddur və bu problemlər həm fermerlərin, həm də ixracatçıların gəlirlərinə mənfi təsir göstərir”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az