Kontakt linzalardan istifadə son illərdə həm rahatlığı, həm də estetik üstünlükləri səbəbindən geniş yayılıb. Bununla yanaşı, oftalmoloqlar xəbərdarlıq edirlər ki, linzalardan istifadə zamanı ən kiçik gigiyena qaydasının pozulması belə göz sağlamlığı üçün ciddi risklər yarada bilər. Xüsusilə yay aylarında hovuz, dəniz və su parklarına üz tutan insanların sayının artması fonunda bu risk daha da artır. Bir çox istifadəçi linza ilə suya girməyin və ya duş qəbul etməyin təhlükəli nəticələrə səbəb ola biləcəyini nəzərə almır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bildirib ki, linzadan istifadə zamanı gözə hovuz suyu, xlorlu su, dəniz suyu, çirkli su, yaxud duş qəbul edərkən şampunlu və ya çirkli su düşdükdə həmin maye linza ilə göz arasında qalaraq infeksiyanın yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu zaman buynuz qişada bulanıqlıq inkişaf edə bilər:
“Əvvəlcə keratit yaranır. Vaxtında müdaxilə olunmadıqda, törədicidən asılı olaraq, buynuz qişanın bütün qatları sürətlə bulanıqlaşa bilər və görmə kəskin şəkildə zəifləyərək hətta tam itə bilər. Müalicə nəticə vermədikdə və ya gecikdirildikdə, buynuz qişa tam bulanıqlaşarsa, görməni bərpa etmək üçün yalnız keratoplastika – donordan buynuz qişanın transplantasiyası əməliyyatı tətbiq olunur. Əgər xəstəlik daha ağır mərhələyə keçərsə, eroziyalar, xoralar və yaralar yaranarsa, hətta gözün və görmənin itirilməsi ilə nəticələnə bilər. Buna görə də linza ilə yatmaq, linza ilə hovuza girmək və konyunktivit zamanı linzadan istifadə etmək əks göstərişdir və qətiyyən tövsiyə olunmur. Həmçinin yoluxmuş və ya çirklənmiş linzalardan göz tam sağaldıqdan sonra da yenidən istifadə etmək məsləhət görülmür. Belə hallarda linzaların yenisi ilə əvəz olunması tövsiyə edilir.
Keratit zamanı pasiyentlər əsasən gözdə qızartı, ağrı, işığa həssaslıq, batma hissi və göz qapağının altında yad cisim hissi kimi şikayətlər edirlər. Ağrı çox güclü olduqda ürəkbulanma, baş ağrısı və qusma da müşahidə oluna bilər. Keratit ciddi ağrı ilə müşayiət olunan bir xəstəlikdir.
Nəticə zədələnmənin həcmi və buynuz qişanın hansı qatlarının zədələnməsindən asılıdır. Zədələnmə dərin qatları və geniş sahəni əhatə etdikdə görmə zəifləyə və hətta tam itirilə bilər. Əgər yalnız səthi qatlar və ya kiçik sahə zədələnibsə, xəstəlik adətən müalicəyə yaxşı cavab verir və görmə bərpa olunur. Tam bərpa mümkün olmadıqda isə görməni ciddi şəkildə pozmayan buynuz qişa bulanıqlıqları qala bilər”, – deyə Aynurə Əliyeva fikrini tamamlayıb.
Mütəxəssisin xəbərdarlıqları xaricdə baş vermiş oxşar hadisələrlə də təsdiqlənir.
Xatırladaq ki, İngiltərəli Emma Marsden kontakt linzasını çıxarmadan üzünü yuduqdan sonra nadir rast gəlinən parazitar göz infeksiyasına yoluxub. Buynuz qişası ağır zədələndiyi üçün gözü əməliyyatla bağlanıb və onun tam görmə itkisi riski var.


