Sosial Özəl

Sakit görünən dağ çayları ölüm tələsidir — Açıqlama

Sakit görünən dağ çayları ölüm tələsidir — Açıqlama

Dağ çaylarının cərəyanı görünüşcə sakit olsa da, dibdə güclü burulğanlar və qəfil dərinlik dəyişiklikləri olur ki, bu da xüsusilə üzmə bacarığı olmayan və ya alkoqol qəbul etmiş şəxslər üçün ciddi risk yaradır. Səthdə suyun rahat və dayaz görünməsi insanlarda yanlış təhlükəsizlik hissi yaradır, halbuki bir neçə addım irəlidə axının sürəti kəskin artır, su dövranı isə insanı dibə çəkə bilər. Dağ çaylarına xas olan soyuq su temperaturu əlavə təhlükə yaradır. Qəflətən soyuq suya düşən orqanizm şok vəziyyətinə keçə bilər ki, bu da əzələ tutmasına və nəfəsalmanın pozulmasına səbəb olur. Alkoqol qəbulu isə reaksiya sürətini azaltmaqla, təhlükəni real vaxtda qiymətləndirmə qabiliyyətini kəskin zəiflədir və məsafəni, dərinliyi düzgün müəyyən etməyə mane olur.

Dağ çaylarında axtarış-xilasetmə əməliyyatlarının uzun çəkməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, onlar hər zaman vətəndaşlara müraciət edirlər ki, çimərlik seçiminə diqqətlə yanaşsınlar və yalnız xilasedicilərin növbə çəkdiyi rəsmi çimərliklərdən istifadə etsinlər.

“Çünki hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin olunmadığını göstərir və belə yerlərdən istifadə həyati risk yarada bilər. Təəssüf hissi ilə qeyd edirik ki, Fövqəladə Hallar Nazirliyinin apardığı geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də nəzarətsiz, rəsmi çimərlik olmayan ərazilərdə çimirlər. Xüsusilə bölgələrdə çimərlik kimi nəzərdə tutulmayan çaylardan, süni göllərdən, su anbarlarından, suvarma kanallarından və digər su hövzələrindən istifadə halları müşahidə olunur ki, bu da bir çox hallarda faciəvi nəticələrə səbəb olur. Bildiririk ki, nəzarətsiz çimərlik əraziləri, eləcə də çaylar, süni göllər, suvarma kanalları və digər su hövzələri mürəkkəb relyefə, güclü axına, məhdud görünüşə, qəfil dərinləşən sahələrə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin ərazilərdən istifadə insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Odur ki, bir daha vətəndaşlara müraciət edirik ki, çimərlik seçiminə məsuliyyətlə yanaşsınlar, yalnız xilasedicilərin xidmət apardığı rəsmi çimərliklərdən istifadə etsinlər. Həmçinin unutmasınlar ki, çimərlikdə hava şəraiti də mühüm əhəmiyyət daşıyır. Xüsusilə küləyin sürəti saniyədə 10 metrdən çox olduqda suya girmək qadağandır. Bundan başqa, hava qaraldıqdan sonra çimmək, eləcə də qızmar günəş altında uzun müddət fasiləsiz qalmaq təhlükəlidir” , - deyə Aqşin Əlili fikrini tamamlayıb.

Xatırladaq ki, ötən gün Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü yeniyetmənin meyiti dörd gün sonra tapılıb.

Nuray Paşşanlı

D
demokrat.az