Süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarında yeni reallıqlar formalaşdırır. Avtomatlaşdırma və robotlaşdırma bəzi ənənəvi peşələrin məzmununu dəyişdirir, eyni zamanda tamamilə yeni ixtisaslara tələbat yaradır. Bu dəyişikliklər fonunda peşə təhsili sisteminin əmək bazarının ehtiyaclarına nə dərəcədə uyğunlaşdığı, hansı peşələrin transformasiya riski ilə üzləşdiyi və gələcəyin əsas peşə istiqamətlərinin nədən ibarət olacağı aktuallaşan mövzular sırasındadır.
Texnoloji inkişaf və əmək bazarındakı yeni tələblər fonunda peşə təhsilində hansı ixtisaslar transformasiya riski ilə üzləşir və gələcəyin əsas peşə istiqamətləri hansılar olacaq?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, texnoloji inkişaf və süni intellektin sürətlə həyatımıza inteqrasiya olunması əmək bazarında ciddi dəyişikliklərə səbəb olub:
“Bu dəyişikliklər, təbii ki, peşə təhsilinə də təsirsiz ötüşmür. Əvvəllər əsasən fiziki əməyə və ya təkrarlanan əməliyyatlara əsaslanan bir sıra peşələr artıq transformasiya mərhələsinə daxil olur. Lakin bu, həmin peşələrin tamamilə yox olacağı anlamına gəlmir. Əksinə, onların məzmunu dəyişəcək və bu sahələrdə çalışan şəxslər yeni texnologiyalardan istifadə bacarıqlarına yiyələnməli olacaqlar.
Məsələn, kassir, operator, ofis administratoru və məlumatların daxil edilməsi üzrə mütəxəssis kimi peşələrdə avtomatlaşdırma prosesi sürətlənir. İstehsalat sahəsində də ənənəvi mexaniki işlərin bir hissəsi artıq robotlaşdırılmış sistemlər tərəfindən yerinə yetirilir.
Bu səbəbdən hesab edirəm ki, peşə təhsili müəssisələri yalnız peşə öyrətməklə kifayətlənməməlidirlər. Rəqəmsal bacarıqların inkişafı, proqram təminatı ilə işləmək, avadanlıqların idarə olunması və problemlərin həlli kimi bacarıqlar da tədris proqramlarına mütləq daxil edilməlidir.
Gələcəyin əmək bazarında informasiya texnologiyaları, kibertəhlükəsizlik, sistemlərin idarə olunması, süni intellekt, robototexnika, avtomatlaşdırma, ağıllı kənd təsərrüfatı, logistika, sənaye avtomatikası və 3D istehsal texnologiyaları ilə bağlı ixtisaslara tələbatın daha da artacağını gözləyirəm. Eyni zamanda səhiyyə, yaşlılara sosial xidmət, erkən uşaqlıq inkişafı və peşəkar xidmət sahələri də gələcəkdə ən çox ehtiyac duyulan istiqamətlər sırasında olacaq.
Əmək bazarı hər üç-beş ildən bir dəyişirsə, təhsil proqramları da həmin sürətlə yenilənməlidir. İşəgötürənlərlə peşə təhsili müəssisələri arasında tərəfdaşlıq daha da gücləndirilməlidir. Dual təhsil modelinin tətbiqi və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Tələbələrin istehsalat müəssisələrində daha çox praktiki təcrübə qazanması əsas prioritetlərdən biri olmalıdır.
Hesab edirəm ki, gələcəkdə diplomdan daha çox bacarıq ön plana çıxacaq. Əslində, bu proses artıq başlayıb. İşəgötürənlər namizədin hansı təhsil müəssisəsini bitirməsindən daha çox, hansı texnologiyalarla işləyə bildiyinə, problemləri necə həll etdiyinə və dəyişən şəraitə nə dərəcədə tez uyğunlaşdığına diqqət yetirəcəklər.
Ona görə də peşə təhsilinin əsas məqsədi yalnız peşə sahibi yetişdirmək deyil, ömürboyu öyrənmə bacarığına malik, yeniliklərə açıq və rəqabətqabiliyyətli mütəxəssislər formalaşdırmaq olmalıdır. Bu yanaşma, hesab edirəm ki, həm fərdin məşğulluğunu artıracaq, həm də ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”, - deyə ekspert fikrini yekunlaşdırıb.


