İqtisadiyyat Özəl

Azərbaycanda yanacağa xərclənən milyardların görünməyən səbəbi — Açıqlama

Azərbaycanda yanacağa xərclənən milyardların görünməyən səbəbi — Açıqlama

Azərbaycan əhalisinin yanacağa xərclədiyi vəsait ildən-ilə artmaqda davam edir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında ölkədə benzin və dizel yanacağına çəkilən xərclər 2 milyard manata çatıb. Bu rəqəm həm nəqliyyat sektorunda baş verən dəyişiklikləri, həm də əhalinin istehlak xərclərində yanacağın payını bir daha gündəmə gətirir. Bununla belə, ortaya mühüm sual çıxır: Bu artım doğrudanmı ölkədə avtomobillərin sayının və adambaşına yanacaq istehlakının yüksəlməsindən qaynaqlanır, yoxsa əsas səbəb son illərdə yanacaq qiymətlərinin mərhələli şəkildə bahalaşmasıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, burada əsas məqam yalnız yanacaq sərfiyyatının artması deyil, həm də qiymət artımıdır.

Onun sözlərinə görə, benzinin qiyməti 2024-cü ilin iyul ayında bir dəfə, 2025-ci ilin dekabr ayında isə yenidən artırılıb. Yəni ümumi xərclərin artmasına qiymət artımı da ciddi təsir göstərib:

“AI-92 markalı benzinin qiyməti əvvəl 1 manat idi, sonra 1 manat 10 qəpiyə, daha sonra isə 1 manat 15 qəpiyə yüksəldi. Dizel yanacağının qiyməti isə əvvəl 80 qəpik idi, sonradan 1 manata, daha sonra isə 1 manat 10 qəpiyə çatdı. Hesablamalara əsasən, son iki ildə AI-92 markalı benzinin qiyməti təxminən 15 faiz artıb. Dizel yanacağının qiyməti isə 80 qəpikdən 1 manat 10 qəpiyə yüksəlib ki, bu da təxminən 37,5 faiz, yəni təqribən 40 faiz artım deməkdir. Göründüyü kimi, ümumi xərclərin artmasının əsas səbəblərindən biri yanacaq qiymətlərinin yüksəlməsidir.

Bununla yanaşı, avtomobillərin sayında da artım müşahidə olunur. Lakin hər min nəfərə düşən avtomobillərin sayına görə Azərbaycan nə MDB məkanında, nə də dünya üzrə qabaqcıl ölkələr sırasında yer alır. Əksinə, bu göstəriciyə görə hələ də geridə qalır. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı xeyli azdır.

Yəni belə düşünmək doğru olmaz ki, ölkədə avtomobillərin sayı kəskin artdığı üçün yanacaq sərfiyyatı və xərclər yüksəlib. Statistik göstəricilər bu fikri təsdiqləmir. Hər min nəfərə düşən avtomobillərin sayı ilə bağlı məlumatları açıq statistik mənbələrdən də əldə etmək mümkündür.

Nəticə etibarilə, xərclərin artmasının əsas səbəbi yanacaq qiymətlərinin bahalaşmasıdır. Bununla yanaşı, əvvəlki illərlə müqayisədə avtomobillərin sayındakı artım da bu prosesə müəyyən təsir göstərib”, – deyə Xalid Kərimli fikrini yekunlaşdırıb.

Qısası, ölkədə yanacağa xərclənən vəsaitin rekord həddə çatması avtomobillərin sayının sürətlə artmasından deyil, birbaşa benzin və dizel qiymətlərinin son iki ildə ardıcıl olaraq bahalaşmasından qaynaqlanır.

Nuray Paşşanlı

D
demokrat.az