Yüksək inflyasiya və maliyyə bazarlarındakı dəyişikliklər fonunda vətəndaşların əmanət yerləşdirməyə marağı artsa da, bu qərar qəbul edilərkən müəyyən risklərin də nəzərə alınması vacibdir. Əmanətçilər adətən bankın təklif etdiyi faiz dərəcəsinə üstünlük versələr də, bankın etibarlılığı, əmanətin sığortalanması, müqavilə şərtləri və vəsaitin vaxtından əvvəl geri götürülməsi ilə bağlı məhdudiyyətlər də diqqətdən kənarda qalmamalıdır.
Əmanət yatırarkən hansı risklər mövcuddur və vətəndaşlar maliyyə vəsaitlərini qorumaq üçün nələrə diqqət etməlidirlər?
Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Asif İbrahimov yüksək inflyasiya şəraitində əmanət yerləşdirmək vəsaitinin evdə saxlamaqdan daha rasional seçim ola biləcəyini deyib:
“Amma vətəndaşlar yalnız yüksək faiz təklif edən banka deyil, həmin bankın etibarlılığına və əmanətin təhlükəsizliyinə də diqqət yetirməlidirlər. Birinci növbədə, əmanətin qanunvericiliyə uyğun olaraq sığortalanıb-sığortalanmadığını yoxlamaq vacibdir. Bu, bankla bağlı hər hansı problem yarandıqda vəsaitin geri qaytarılması baxımından əsas təminatlardan biridir. İkinci mühüm məsələ isə faiz dərəcəsidir. Əgər bank bazar göstəricilərindən xeyli yüksək gəlirlilik vəd edirsə, bunun səbəbi araşdırılmalıdır. Maliyyə bazarında yüksək gəlir adətən daha yüksək risk deməkdir. Vətəndaş yalnız faiz dərəcəsinə əsaslanaraq qərar verməməlidir.
Müqavilə şərtləri də diqqətlə oxunmalıdır. Xüsusilə əmanətin vaxtından əvvəl geri götürülməsi zamanı faizlərin necə hesablanacağı, hər hansı cərimənin tətbiq edilib-edilməyəcəyi və digər məhdudiyyətlər əvvəlcədən öyrənilməlidir. Çünki gözlənilməz maliyyə ehtiyacı yarandıqda, bu şərtlər əmanətçinin gəlirinə ciddi təsir göstərə bilər”.
İqtisadçı bütün vəsaiti bir bankda və ya bir növ əmanətdə cəmləşdirməyin düzgün yanaşma olmadığını vurğulayıb:
“Maliyyə risklərinin bölüşdürülməsi üçün əmanətlərin müxtəlif banklar və müxtəlif müddətlər üzrə yerləşdirilməsi daha təhlükəsiz strategiyadır.
Ən vacib məqamlardan biri isə real gəlirlilikdir. Əgər illik əmanət faizi inflyasiya səviyyəsindən aşağıdırsa, vətəndaş nominal gəlir əldə etsə də, onun pulunun alıcılıq qabiliyyəti azalır. Buna görə də əmanət qərarı verilərkən yalnız faiz dərəcəsinə deyil, inflyasiyanın təsirinə də qiymət verilməlidir.
Maliyyə savadlılığı əmanətin həcmi qədər önəmlidir. Düzgün seçilmiş bank, şəffaf müqavilə şərtləri və risklərin əvvəlcədən qiymətləndirilməsi vətəndaşın vəsaitini qorumağın ən etibarlı yoludur. Bank seçərkən məqsəd təkcə daha çox faiz qazanmaq deyil, həm də yığılan vəsaitin təhlükəsizliyini təmin etmək olmalıdır”.


