Astara rayonunda motosikletin təmiri ilə bağlı yaranan mübahisə ölümlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci il avqustun 17-də rayonun Suparibağ kəndində baş verib. 2004-cü il təvəllüdlü Vüsal Əliyev 66 yaşlı həmkəndlisi İsgəndər Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
İstintaq materiallarına əsasən, Vüsalın atası Əvəz Əliyev iki ildən artıq əvvəl təmir üçün həmkəndlisi İsgəndər Məmmədovun oğlu Ceyhuna verdiyi motosikletin, əvvəlcədən ödəniş etməsinə baxmayaraq, hələ də təmir olunmamasının səbəbini öyrənmək üçün onun yaşadığı evə yollanıb.
Vüsal atasını evə qaytarmaq məqsədilə onun arxasınca gedib. Kəndarası yolda, mağazanın qarşısında Əvəz Əliyevlə Ceyhun və onun qohumları arasında mübahisə yaranıb. Bu zaman hadisə yerinə gələn İsgəndər Məmmədov yerdən götürdüyü taxta parçası ilə Əvəz Əliyevin baş nahiyəsinə zərbə endirib, onunla əlbəyaxa dava edib və nalayiq ifadələr işlədib.
İttihama görə, atasının döyüldüyünü görən Vüsal Əliyev hiddətlənərək İsgəndər Məmmədovu öldürmək qərarına gəlib. O, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmişə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirib. İsgəndər Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Vüsal Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Vüsal Əliyev ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, hadisə günü axşam saatlarında evə qayıdarkən atasının telefonla İsgəndər Məmmədovun qohumlarından biri ilə danışdığını görüb:
"Atam sərxoş vəziyyətdə idi. Sonra velosipedlə evdən çıxdı. Onun İsgəndərin evinə getdiyini düşündüm. Əllərimi yudum, mətbəx bıçağını belimə qoyub arxasınca getdim. İsgəndər və qardaşlarının atamı döyə biləcəyini düşündüyüm üçün bıçağı özümlə götürdüm. Yolda bacımın həyat yoldaşı Emin məni saxlamaq istəsə də, qaçaraq atamın arxasınca getdim."
Vüsal bildirib ki, daha sonra Emin onu avtomobilə mindirərək hadisəyə qarışmamağa çalışıb:
"Atama çatanda onun mağazanın qarşısında Ceyhun və qohumları ilə danışdığını gördüm. Emin atama avtomobilə minməyi təklif etdi, amma atam 'rədd olun buradan' dedi. Bu zaman Ceyhunun qardaşı Yusif mənə dedi ki, 'atanı apar, yoxsa atamla dava edəcəklər'. Elə həmin vaxt İsgəndər motosikletlə gəldi, yerə düşərək ağac parçası götürdü və atamın başına vurdu. Sonra ona bir neçə yumruq zərbəsi endirdi, ağır söyüşlər söydü və məni də vurdu."
Təqsirləndirilən şəxs bildirib ki, mübahisənin səbəbi iki il əvvəl təmirə verilmiş motosiklet olub:
"Atam motosikleti iki il əvvəl Ceyhuna təmir üçün vermişdi. Pulunu əvvəlcədən ödəsə də, motosiklet təmir edilməmişdi. Ceyhun müxtəlif bəhanələrlə işi uzadırdı. Evdən çıxanda anamın Eminə zəng edib 'Vüsalın qabağını kəs, dava etməyə gedir' dediyini eşitdim. Emin məni maşına mindirib bu işə qarışmamağı məsləhət gördü."
Vüsalın sözlərinə görə, hadisə zamanı İsgəndərlə arasında təxminən 6-7 metr məsafə olub:
"İsgəndər motosikletdən düşən kimi yerdəki ağac parçasını götürüb heç nə demədən atamı vurdu. Sonra onu yumruqladı. Atam yerə yıxıldı və İsgəndər ağır söyüşlər söydü. Mən arxadan yaxınlaşıb ilk bıçaq zərbəsini onun boynunun sağ nahiyəsinə vurdum. İlk zərbədən sonra özümdə olmadım, əsəbi vəziyyətdə olduğum üçün sonrakı hərəkətlərimə nəzarət edə bilmədim. Daha sonra atamı Eminin avtomobilinə mindirib dedim ki, 'İsgəndəri öldürmüşəm, məni polis şöbəsinə apar'."
O əlavə edib ki, hadisədən əvvəl atası ilə İsgəndər arasında baş verən mübahisədən xəbərsiz olub:
"İsgəndərə bıçaq zərbələri endirəndə atam mənə kömək etmədi. İsgəndər mənə söyüş söyməsəydi, onu bıçaqlamazdım."
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal Əliyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.


