London meri Sadiq Xan lordlar palatasının üzvü olacaq
Demokrat.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniya paytaxtının meri Sadiq Xan, vəzifəsini təhvil verən baş nazir Keir Starmerin təqdimatı ilə Lordlar Palatasına daxil olacaq.
Qeyd edirik ki, "Lord" titulları baş nazirin tövsiyəsi əsasında Kral tərəfindən verilir.
Artıq "cəngavər" (rıçar) titulu daşıyan leyborist siyasətçi Sadiq Xan gələcək lordlar siyahısına daxil edilmiş 26 nəfər arasındadır.
Hökumət siyahını açıqlayaraq, Kral III Çarlzın "lord titulları vermək niyyətində olduğunu bildirdiyini" qeyd edib.
Xatırladırıq ki, Kim Starmer iyunun sonunda hakim Leyboristlər Partiyasının lideri vəzifəsindən ayrılıb. Endi Börnem onun yerinə partiya lideri olmaq üçün yeganə namizəddir və onun seçilməsi ilə bağlı elanın cümə günü verilməsi nəzərdə tutulur. Bundan sonra Starmerin bazar ertəsi Krala istefasını təqdim edəcəyi, monarxın isə Börnemə hökuməti formalaşdırmaq tapşırığını verəcəyi gözlənilir.
Əlavə edirik ki, Lordlar Palatasında üzvlük Sadiq Xana rəsmən hökumət vəzifəsi tutmağa imkan verəcək.
Gələcək lord və ledi tituluna sahib olacaq 26 nəfərdən 16-sı Leyboristlər Partiyasının üzvü olsa da, siyahıya həmçinin beş Liberal Demokrat, üç Mühafizəkar və iki müstəqil şəxs (keçmiş yüksək vəzifəli dövlət qulluqçusu və təqaüddə olan yüksək rütbəli hakim) daxildir.
Mediaya açıqlama verən hökumət mənbəsi bu titul təyinatlarını açıq şəkildə siyasi xarakterli kimi səciyyələndirir, lakin vurğulayır ki, siyahı əvvəlcədən dar partiya maraqları əsasında tərtib edilməyib; onun üzərində işlərə Starmerin gözlənilən istefasını elan etməsindən xeyli əvvəl başlanılıb.
Hökumət Sadiq Xanın hansı xidmətlərini qiymətləndirib?
Sadiq Xan ilk dəfə 2016-cı ildə London meri seçilib və o vaxtdan bəri daha iki dəfə yenidən seçilib. Hazırda o, üçüncü səlahiyyət müddətinin yarısındadır. BBC-yə məlumat verən, ona yaxın mənbələrin bildirdiyinə görə, Xan 2028-ci ildə dördüncü müddətə namizədliyini irəli sürüb-sürməyəcəyinə hələ qərar verməyib. Hökumətdəki bir mənbə Xanı "Londonu daha yaxşıya doğru dəyişdirən parlaq mer" kimi xarakterizə edib.
Alparslan Demokrat.az


