Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmir yolu sahəsində infrastruktura dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Demokrat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik məqsədilə iyulun sonunadək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasına qədər işləyəcək. Balakən–Bakı reysləri isə Qax stansiyasından yola düşəcək.
ADY-nin məlumatına görə, dəmir yolunun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, bu marşrut üzrə 1–13 avqust tarixləri üçün bilet alan sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.
ADY əlavə edib ki, görülən işlər və vəziyyətlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


