Azərbaycan mətbəxi zəngin tarixi, regional müxtəlifliyi və təbii məhsullardan istifadə ənənəsi ilə ölkənin turizm potensialını gücləndirən əsas amillərdən biri hesab olunur. Son illərdə Azərbaycana gələn xarici turistlər təkcə tarixi abidələri və təbiət mənzərələrini deyil, həm də milli mətbəxi yaxından tanımağa xüsusi maraq göstərirlər. Bu isə qastronomiya turizminin ölkədə sürətlə inkişaf edən istiqamətlərdən birinə çevrildiyini göstərir.
Azərbaycan mətbəxini xarici turistlər üçün cəlbedici edən əsas xüsusiyyətlər hansılardır? Xarici turistlər Azərbaycanda ən çox hansı milli yeməklərə maraq göstərirlər və bunun səbəbi nədir? Azərbaycan mətbəxi dünya kulinariya xəritəsində layiq olduğu yerdədirmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quluyev bildirib ki, Azərbaycana gələn hər bir turist, eləcə də xarici ölkələrə səfər edən insanlar getdikləri ölkənin milli mətbəxi və adət-ənənələri ilə yaxından maraqlanırlar.

“Bu gün Azərbaycana gələn turistlər arasında Azərbaycan milli mətbəxini daha yaxından tanımaq istəyənlər çoxdur. Xüsusilə Şərq ölkələrindən gələn turistlər milli mətbəximizə böyük maraq göstərirlər. Bunun əsas səbəblərindən biri bəzi yeməklərin reseptlərində oxşarlıqların olmasıdır. Lakin bu, eynilik deyil, sadəcə bəzi xüsusiyyətlərin bənzərliyidir.
Azərbaycana gələn turistlər ölkəmizin milli mətbəxi ilə yaxından tanış olmağa çalışırlar. Onlar xüsusilə yarpaq dolmasını, plovu, zəfəranlı plovu çox bəyənirlər. Bundan əlavə, Azərbaycanın kənd təsərrüfatında yetişdirilən orqanik məhsullar da turistlərin böyük marağına səbəb olur. Xüsusilə Avropa ölkələrindən gələn turistlər Azərbaycan kənd təsərrüfatı məhsullarının təbii və orqanik olmasını yüksək qiymətləndirirlər. Eyni zamanda, ərəb ölkələrindən gələn turistlər də Azərbaycan plovuna böyük maraq göstərir və onu məmnuniyyətlə dadırlar.
Ümumiyyətlə, turistlər səyahət zamanı qidalanmaya xüsusi diqqət yetirir və bu sahəyə kifayət qədər vəsait xərcləyirlər. Azərbaycana gələn turistlər çox nadir hallarda bazarlıq edib qaldıqları evdə yemək hazırlayırlar. Onlar daha çox restoranlarda, kafelərdə və ya pikniklər zamanı qidalanmağa üstünlük verirlər. Azərbaycanın bazar qiymətlərinin münasib olması da turistlərin rahat şəkildə iaşə müəssisələrindən istifadə etməsinə şərait yaradır.
Bu isə ölkə iqtisadiyyatı üçün mühüm gəlir mənbəyidir. Turistlərin sayının artması restoran və digər iaşə müəssisələrinin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və məşğulluğun artmasına səbəb olur. Buna görə də turizm sektoru ilə iaşə sektoru bir-biri ilə sıx bağlıdır. Bunun əsas məqsədi Azərbaycana turist axınının davamlı olmasını təmin etmək və onların ölkədən xoş təəssüratla ayrılmasına nail olmaqdır.
Təbii ki, Azərbaycan kulinariyası zəngin və cəlbedici olmasaydı, ölkəmiz turistlər üçün bu qədər maraqlı olmazdı. Biz özümüz də xarici ölkələrə səfər etdikdə ilk növbədə həmin ölkənin milli yeməklərini dadmağa çalışır və onları müzakirə edirik. Restoranların xidmət səviyyəsi, yeməklərin qiyməti və keyfiyyəti turistlərin yaddaşında qalan əsas məqamlardan biridir”.
“Hesab edirəm ki, Azərbaycan kulinariyası dünyanın ən zəngin milli mətbəxlərindən biri hesab olunur. Buna görə də milli mətbəximizi daha da inkişaf etdirmək, zənginləşdirmək və dünyada daha geniş tanıtmaq vacibdir”, - deyə ekspert fikrini tamamlayıb.


