Sosial Özəl

Nişan pozulanda qızıllar kimdə qalmalıdır? — Məsələnin hüquqi tərəfləri...

Nişan pozulanda qızıllar kimdə qalmalıdır? — Məsələnin hüquqi tərəfləri...

Nişan mərasimləri Azərbaycan cəmiyyətində ailə qurmaq niyyətinin və iki ailə arasında razılığın rəmzi kimi qəbul olunur. Lakin müxtəlif səbəblərdən nişanın baş tutmaması və ya pozulması təkcə mənəvi deyil, hüquqi mübahisələrə də yol açır. Xüsusilə nişan zamanı təqdim edilən qızıl-zinət əşyalarının, bahalı hədiyyələrin və digər qiymətli əşyaların kimdə qalmalı olduğu ən çox müzakirə olunan məsələlərdəndir. Uzun illər bu cür mübahisələr daha çox adət-ənənələr əsasında həll olunsa da, son dövrlər məhkəmələrdə də bu mövzuda iddiaların sayı artır.

Bəs qüvvədə olan qanunvericilik bu məsələyə necə yanaşır? Nişan pozulduğu halda verilmiş qızıl-zinət əşyalarının geri qaytarılması məcburidirmi? Tərəflər arasında razılıq əldə olunmadıqda məsələ məhkəmə qaydasında həll edilə bilərmi?

Hüquqşünas Müşfiq Abbasov mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında bildirib ki, Ali Məhkəmənin yeni qəbul etdiyi qərar bu məsələyə hüquqi aydınlıq gətirib.

Onun sözlərinə görə, nişan zamanı təqdim olunan qızıl-zinət əşyaları və digər qiymətli hədiyyələr gələcəkdə tərəflər arasında nikahın bağlanacağı gözləntisi ilə verildiyi üçün nikah baş tutmadıqda həmin əşyaların geri qaytarılması tələb oluna bilər:

"Ali Məhkəmənin yeni qəbul olunmuş qərarına əsasən, əgər nişan pozularsa, verilən qızıl-zinət əşyaları hamısı geri qaytarılmalıdır. Çünki onlar gələcəkdə toyun və nikahın baş tutacağı nəzərə alınaraq verilir. Yəni gələcəkdə tərəflər arasında nikah bağlanacağı üçün təqdim olunur. Əgər nikah bağlanmırsa və nişan pozulursa, tərəflər aldıqlarını geri qaytarmalıdır.

Bəzi hallarda tərəflər bu məsələni qarşılıqlı razılıq əsasında həll etsələr də, razılıq əldə olunmadıqda qanun hər iki tərəfə öz hüquqlarını məhkəmə qaydasında müdafiə etmək imkanı verir.

Əgər tərəflərdən biri aldığını geri vermirsə, qarşı tərəfin hüququ var ki, həmin qızıl-zinət əşyalarını və qiymətli hədiyyələri məhkəmə qaydasında geri tələb eləsin. Yəni bunu artıq qanun nizama salır. Bu artıq adət-ənənə məsələsi deyil. Qanun bu münasibətləri tənzimləyir.

Ali Məhkəmənin formalaşdırdığı bu hüquqi mövqe gələcəkdə oxşar mübahisələrin həllində də əsas istiqamətlərdən biri olacaq. Bu baxımdan nişan zamanı verilən qiymətli əşyalarla bağlı yaranan mübahisələr artıq yalnız ailələr arasında razılaşma və ya adət-ənənələr çərçivəsində deyil, qanunvericiliyin tələbləri əsasında qiymətləndiriləcək”, - deyə Müşfiq Abbasov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az