Sağlamlıq Özəl

Bəzi meyvələrin tumları zərərli ola bilər: Hansıları yemək olmaz?

Bəzi meyvələrin tumları zərərli ola bilər: Hansıları yemək olmaz?

Bir çox insan meyvələrin toxum və tumlarını vərdiş üzrə atır və onların yeyilib-yeyilə bilməyəcəyini düşünmür. Halbuki bəziləri orqanizm üçün faydalı olsa da, digərlərinə qarşı ehtiyatlı olmaq lazımdır.

Demokrat.az xəbər verir ki, "Falstaff" nəşrinin ekspertləri hansı meyvə tumlarının təhlükəsiz, hansılarının isə risk daşıdığını izah ediblər.

Qarpız, nar və üzüm tumlarını yemək olarmı?

Bütün toxumlar tərkibinə görə eyni deyil. Bəzilərində lif, vitaminlər və digər faydalı maddələr çox olduğu halda, digərlərində müəyyən miqdarda qəbul edildikdə orqanizmə zərər verə bilən təbii birləşmələr mövcuddur.

Mütəxəssislərin sözlərinə görə, çiyələk, moruq, nar, kivi və marakuyanın toxumlarını demək olar ki, məhdudiyyətsiz yemək olar. Onlar kiçik və yumşaq olmaqla yanaşı, “PubMed” platformasında dərc olunmuş araşdırmalara əsasən lif və antioksidantlarla zəngindir. Antioksidantlar hüceyrələri zədələnmədən qorumağa kömək edir.

Üzüm tumları isə polifenollarla zəngindir. ABŞ Milli Tibb Kitabxanasında təqdim olunan araşdırmalara görə, bu bitki mənşəli birləşmələr ürək-damar sisteminin və immunitetin sağlamlığını dəstəkləyir.

Məhz buna görə də üzüm tumu ekstraktı qida sənayesində geniş istifadə olunur və bəzi bioloji fəal qida əlavələrinin tərkibinə daxil edilir.

Yeyilməsi tövsiyə olunan toxumlar arasında qovun və balqabaq tumları da var. Onlar maqnezium, dəmir, sink, faydalı doymamış yağ turşuları və E vitamini ilə zəngindir. “Food Science & Nutrition” jurnalında dərc olunmuş araşdırmaya əsasən, balqabaq tumları bəzi göstəricilər üzrə günəbaxan tumlarını üstələyir və sağlam qəlyanaltı hesab olunur.

Alma və armud tumları niyə təhlükəli ola bilər?

Bununla belə, bütün meyvə tumları təhlükəsiz deyil. Bəzilərində müəyyən şəraitdə zəhərli maddəyə çevrilə bilən birləşmələr mövcuddur.

Bu, ilk növbədə ərik, şaftalı, albalı, gavalı və manqo tumlarına aiddir. Onların tərkibində olan amiqdalin orqanizmdə parçalanaraq sianid turşusuna çevrilə bilər. Böyük miqdarda qəbul edildikdə bu maddə ürəkbulanma, qıcolmalar, tənəffüs çətinliyi və digər təhlükəli əlamətlərə səbəb ola bilər.

Ərik tumlarının yeyilməsi geniş yayılmış hal olmasa da, bu məlumat xüsusilə meyvə kokteylləri, mürəbbə və digər desertlər hazırlanarkən meyvələrin tumları ilə birlikdə blenderdə xırdalanmaması baxımından əhəmiyyətlidir.

Mütəxəssislər böyüklərə gündə bir neçə ədəddən artıq ərik tumu yeməməyi, uşaqlara və ev heyvanlarına isə ümumiyyətlə verməməyi tövsiyə edirlər.

Amiqdalin tərkibinə görə alma və armud tumlarına da ehtiyatla yanaşmaq lazımdır. Təsadüfən bir neçə bütöv tumun udulması adətən təhlükə yaratmır, çünki onlar həzm sistemindən demək olar ki, parçalanmadan keçir. Lakin tumlar xırdalandıqda, məsələn, smuzi hazırlanarkən amiqdalin sərbəst buraxılır. Buna görə də alma və armud tumlarının xırdalandığı içkilərin müntəzəm istehlakı tövsiyə edilmir.

Jalə

D
demokrat.az