Sosial Özəl

Alimenti yalnız kişilər ödəməlidir? — Açıqlama

Alimenti yalnız kişilər ödəməlidir? — Açıqlama

Boşanma prosesi ailə münasibətlərinin hüquqi müstəviyə keçdiyi ən həssas mərhələlərdən biridir. Qanunvericilikdə tərəflərin bərabər hüquqlara malik olduğu göstərilsə də, praktikada bu bərabərliyin necə təmin olunduğu tez-tez müzakirə mövzusuna çevrilir. Xüsusilə əmlak bölgüsü, aliment öhdəlikləri və uşağın himayəsi kimi məsələlərdə qərarların hansı prinsiplərlə verildiyi cəmiyyətdə fərqli yanaşmalar doğurur və “real bərabərlik varmı?” sualını aktuallaşdırır.

Hüquqşünas Aydan Rəhim Demokrat.az-a açıqlamasında deyib ki, ailə mübahisələri hüquqi baxımdan ən mürəkkəb sahələrdən biridir:

“Çünki burada söhbət yalnız qanundan deyil, həm də insan münasibətlərindən, uşağın gələcəyindən və sosial vəziyyətdən gedir. Qanun qarşısında qadın və kişinin hüquqları bərabər hesab olunur. Məhkəmə qərarları da formal olaraq tərəflərin cinsinə görə deyil, təqdim olunan sübutlara və uşağın maraqlarına əsasən verilməlidir. Lakin praktikada bəzi fərqlər müşahidə olunur. Xüsusilə azyaşlı uşaqların ananın yanında qalması halları daha çoxdur. Bunun əsas səbəbi hüquqi üstünlükdən çox, məhkəmələrin uşağın psixoloji və fiziki inkişafı ilə bağlı formalaşmış yanaşmasıdır. Amma bu, bütün hallarda avtomatik qərar demək deyil. Əgər ata uşağın daha təhlükəsiz və stabil mühitdə yaşayacağını sübut edə bilirsə, himayə hüququ ona da verilə bilər. Əmlak bölgüsündə isə əsas prinsip nikah dövründə əldə edilmiş ortaq mülkiyyətin bölünməsidir. Burada qadın və kişinin qazanc fərqi nəzərə alınmadan bərabər pay prinsipi tətbiq olunur. Ancaq praktikada əmlakın bir tərəfin adına rəsmiləşdirilməsi, qeyri-rəsmi gəlirlər və sübut çatışmazlığı mübahisələr yaradır. Bu səbəbdən bəzən tərəflərdən biri öz hüququnu tam şəkildə qoruya bilmir”.

O bildirib ki, aliment məsələsində də cəmiyyətdə fərqli yanaşmalar var:

“Bir çox insan bunu yalnız kişinin öhdəliyi kimi görür. Halbuki qanunvericiliyə görə uşağın saxlanılması hər iki valideynin məsuliyyətidir. Sadəcə uşağın daha çox ananın yanında qalması aliment öhdəliyinin praktik olaraq ataya yönəlməsinə səbəb olur. Eyni zamanda bəzi hallarda alimentin məbləği və icrası ilə bağlı problemlər ciddi narazılıq yaradır. Məhkəmə təcrübəsində ümumi tendensiya uşağın maraqlarının prioritet hesab olunmasıdır. Buna görə qərarlar bəzən tərəflərdən birinə üstünlük verilməsi kimi görünür. Əslində isə məhkəmə ilk növbədə uşağın yaşayış şəraiti, təhlükəsizliyi və psixoloji vəziyyətini nəzərə alır. Digər tərəfdən, stereotiplər də prosesə təsir edir. Cəmiyyətdə “uşağa ana baxmalıdır” və ya “ailənin maddi təminatçısı kişi olmalıdır” kimi düşüncələr hələ də güclüdür. Bu baxışlar bəzən hüquqi proseslərə dolayı təsir göstərə bilir. Halbuki müasir hüquq sistemi fərdi yanaşmanı əsas götürməlidir. Hər ailənin vəziyyəti ayrıca qiymətləndirilməli, qərarlar stereotiplərlə deyil, konkret faktlarla verilməlidir”.

Leyla Turan

D
demokrat.az