Sosial Özəl

Hər gün tıxacda qalanları gözləyən böyük təhlükə — Açıqlama

Hər gün tıxacda qalanları gözləyən böyük təhlükə — Açıqlama

Müasir şəhər həyatının ən böyük problemlərindən biri olan yol tıxacları sadəcə zaman itkisi deyil, insan sağlamlığı və ailə institutu üçün ciddi təhdiddir. Araşdırmalar göstərir ki, hər gün sükan arxasında uzun saatlar keçirmək beyində xroniki stress yaradaraq bədənin bioloji tarazlığını tamamilə pozur. Bu vəziyyət qan təzyiqini yüksəldərək infarkt riskini kəskin şəkildə artırmaqla yanaşı, evə daşınan aqressiya səbəbindən boşanma ehtimalını da ciddi həddə çatdırır. Elmi sübutlar tıxacda keçən hər dəqiqənin həm ürəyimizdən, həm də ailə xoşbəxtliyimizdən oğurladığını ortaya qoyur.

Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, tıxacların boşanmaların artmasına, eləcə də ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə təsiri birbaşa deyil:

“Dolayısı yolla özünü göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Uzun müddət tıxacda qalmaq insan psixologiyasına və ümumi sağlamlığına mənfi təsir edir. Təbii ki, insan saatlarla avtomobildə hərəkətsiz vəziyyətdə qalanda əsəbiləşir. Davamlı siqnal səsləri, səs-küy, gərgin atmosfer, vaxt itkisi və gündəlik planların pozulması insan üzərində ciddi stres yaradır. Xüsusilə böyük şəhərlərdə bu vəziyyət hər gün təkrarlananda artıq psixoloji yorğunluq və emosional gərginlik formalaşır. Stress isə bilavasitə insan orqanizminə təsir göstərən əsas amillərdən biridir. Uzunmüddətli gərginlik yüksək təzyiq, ürək-damar xəstəlikləri, yuxu pozuntuları və digər sağlamlıq problemlərinin yaranma riskini artırır”.

O qeyd edib ki, hətta bəzi hallarda bu vəziyyət insult və infarkt kimi ağır nəticələrə də gətirib çıxara bilər:

“Boşanma məsələsinə gəldikdə isə, bunu yalnız tıxaclarla əlaqələndirmək, əlbəttə, doğru olmaz. Çünki boşanma ailədaxili münasibətlər, sosial-iqtisadi problemlər, psixoloji uyğunluq və digər çoxsaylı səbəblərlə bağlı mürəkkəb məsələdir. Amma tıxacların yaratdığı gündəlik stressin ailə münasibətlərinə dolayı təsiri ola bilər. İnsan işdən yorğun, əsəbi və gərgin şəkildə evə qayıdanda bu, ailədaxili ünsiyyətə və münasibətlərə müəyyən mənfi təsir göstərə bilər. Yəni burada məsələ tıxacın birbaşa boşanma yaratması deyil, uzunmüddətli stressin insanın həm sağlamlığına, həm də sosial münasibətlərinə təsir etməsidir.”

Leyla Turan

D
demokrat.az