Yaş artdıqca bir çox insanın bədən çəkisi ciddi dəyişməsə də, qarın nahiyəsində piy yığılması artır. Bu isə təkcə estetik məsələ deyil, həm də maddələr mübadiləsinin pozulması, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskinin artması ilə əlaqələndirilir.
Demokrat.az xəbər veruir ki, ABŞ-ın "City of Hope" tədqiqat mərkəzinin alimləri qarın və bel nahiyəsində piylənmənin yaşla niyə artdığını araşdırıblar. Tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.
Qarın piyinin yaranmasının əsas səbəbi nədir?
Araşdırmaya görə, yaş artdıqca orqanizmdə yeni növ kök hüceyrələri meydana çıxır. Bu hüceyrələr xüsusilə qarın nahiyəsində yeni piy hüceyrələrinin yaranmasını sürətləndirir.
Tədqiqatın həmmüəllifi, molekulyar və hüceyrə endokrinologiyası professoru Ennabel Van bildirib ki, insanlar yaşlandıqca əzələ kütləsi azalır, eyni zamanda piy toxuması artır. Bu proses bəzən bədən çəkisi dəyişmədən də baş verir.
"Biz müəyyən etdik ki, yaşlanma yeni növ yetkin kök hüceyrələrinin yaranmasına səbəb olur və xüsusilə qarın nahiyəsində yeni piy hüceyrələrinin əmələ gəlməsini gücləndirir", deyə alim bildirib.
Yeni piy hüceyrələri yaranır
Əvvəllər alimlər hesab edirdilər ki, yaş artdıqca mövcud piy hüceyrələri sadəcə böyüyür. Yeni araşdırma isə göstərib ki, əsas səbəb təkcə bu deyil.
Məlum olub ki, orqanizm yeni piy hüceyrələri yaratmağa başlayır və bu proses xüsusilə qarın nahiyəsində daha intensiv gedir.
Təcrübələr zamanı alimlər müəyyən ediblər ki, orta yaş dövründə piy toxumasında gənclərdə demək olar ki, rast gəlinməyən xüsusi piy hüceyrəsi sələfləri yaranır. Bu hüceyrələr sürətlə çoxalaraq yeni piy hüceyrələrinə çevrilirlər.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, bu prosesi *LIFR* adlı siqnal mexanizmi aktivləşdirir. Gənc orqanizmdə onun rolu zəif olsa da, yaş artdıqca qarın nahiyəsində piy toplanmasının əsas amillərindən birinə çevrilir.
Alimlərin müəyyən etdiyi əsas amillər
Araşdırmaya əsasən, qarın və bel nahiyəsində piyin artmasına aşağıdakı amillər səbəb olur:
* yaşlanma ilə yeni növ kök hüceyrələrinin yaranması; * piy hüceyrələrinin sələflərinin daha fəal çoxalması; * piy toxumasının yalnız mövcud hüceyrələrin böyüməsi deyil, həm də yeni hüceyrələrin yaranması hesabına artması.
Bu dəyişikliklər ümumi bədən çəkisi demək olar ki, sabit qalan insanlarda da müşahidə oluna bilər.
Tədqiqatın rəhbəri Adolfo Qarsiya-Okanya bildirib ki, bu nəticələr yaş artdıqca qarın nahiyəsinin böyüməsinin yeni piy hüceyrələrinin yaranması ilə bağlı olduğunu göstərən ilk inandırıcı sübutlardan biridir.
Qarın piyinin qarşısını almaq mümkündürmü?
Tədqiqat müəllifləri bildirirlər ki, hazırda yaşlanma ilə əlaqədar bu prosesi dayandırmağın yolu məlum deyil. Lakin əldə olunan nəticələr gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Alimlər gələcək tədqiqatlarda yeni aşkar edilmiş kök hüceyrələrinə və ya *LIFR* siqnal mexanizminə təsir göstərməyin mümkün olub-olmadığını araşdırmağı planlaşdırırlar.
Hazırda isə həkimlər aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:
* müntəzəm fiziki aktivliklə məşğul olmaq; * balanslı qidalanmaq və həddindən artıq qida qəbulundan çəkinmək; * güc məşqləri vasitəsilə əzələ kütləsini qorumaq; * yaş artdıqca bədən çəkisini və bel çevrəsini nəzarətdə saxlamaq, mütəmadi tibbi müayinədən keçmək.


