Sosial Özəl

Kolbasada tüklü toyuq görüntüləri narahatlıq yaratdı — Açıqlama

Kolbasada tüklü toyuq görüntüləri narahatlıq yaratdı — Açıqlama

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Azəridad” müəssisəsində tükləri təmizlənməmiş toyuqlardan kolbasa istehsal edildiyi iddia olunub. Bu iddialar qida təhlükəsizliyi və istehlakçı sağlamlığı baxımından ciddi suallar doğurub.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, bunun iki əsas səbəbi var:

“Birincisi, tük həm bioloji, həm də fiziki çirklənmə hesab olunur. Bioloji çirklənmə baxımından əsas risk salmonella bakteriyasıdır. Bu bakteriya qanadlı heyvanların tüklərində, dərilərində, yumurtalarında və ətlərində ola bilər. Bu isə bakteriyanın məhsula keçmə riskini artırır.

İkincisi, tük ümumiyyətlə kolbasa istehsalı üçün yararsız xammaldır. Kolbasa hazırlanarkən istifadə edilməyən hissələr var. Məsələn, tük, dəri və digər yararsız hissələrin kolbasa istehsalında istifadəsinə yol verilməməlidir.

İstehlakçılar belə halları vizual olaraq müəyyən edə bilməzlər. Buna görə də onlar məhsulun əmtəə nişanına diqqət yetirməli, istehsalçı şirkətin nüfuzunu araşdırmalı, məhsulun halal sertifikatına və uyğunluq sertifikatlarına malik olub-olmadığını yoxlamalıdırlar. Qarşılarına çıxan hər kolbasanı almaq düzgün yanaşma deyil. Sertifikatlaşdırılmış və bazarda etibar qazanmış istehsalçıların məhsullarına üstünlük verilməsi daha məqsədəuyğundur.

Lakin onu da qeyd etmək lazımdır ki, bəzən tanınmış markaların məhsullarında da fiziki çirklənmə halları baş verə bilər. Bu, qəsdən və ya ehtiyatsızlıq nəticəsində baş verə bilər. Məsələn, istehsalat prosesində hansısa işçinin məhsula qəsdən yad cisim salması kimi hallara rast gəlinə bilər. Ancaq burada söhbət bundan getmir.

Burada müzakirə olunan məsələ tüklü toyuqların kolbasa istehsalında istifadəsidir və bu, qəti şəkildə yolverilməzdir. Belə hallara yol verilməməlidir. Bununla yanaşı, istənilən istehsal müəssisəsində ayrı-ayrı istehsal partiyalarında texniki və ya insan amilindən qaynaqlanan problemlər yarana bilər.

Kolbasa istehsalında müxtəlif problemlər yarana bilər. Məsələn, avadanlıqlar lazımi qaydada yuyulmadıqda əvvəlki gündən qalan ət qalıqları yeni hazırlanan məhsula keçə və bioloji çirklənməyə səbəb ola bilər. Eyni zamanda, quş ətinin tükləri tam təmizlənmədikdə onların məhsula qarışması mümkündür”.

Onun sözlərinə görə, bəzən ədviyyatlar da lazımi qaydada qarışdırılmır:

“Nəticədə məhsulun bir hissəsində ədviyyatın miqdarı həddindən artıq çox olur və topalanmış şəkildə kolbasanın içərisində görünür. İstehlakçılar bunu gördükdə narahat olur və bunun nə olduğunu düşünürlər. Halbuki bu, istehsal prosesində ədviyyatın düzgün qarışdırılmamasından qaynaqlanır.

Əslində, belə hallara yol verilməməlidir. Kolbasa istehsalı ilə məşğul olan bütün şirkətlər fəaliyyət göstərdikləri sahənin yüksək risk daşıdığını dərk etməli, istehsal etdikləri məhsulların insan sağlamlığına birbaşa təsir etdiyini nəzərə almalı və bu sahədə maksimum məsuliyyət göstərməlidirlər”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az