Çin hərbi aviasiyasında Rusiya mühərriklərindən imtina etməyə başlayıb. Bu qərar Moskva üçün böyük maliyyə itkisi yarada bilər.
Demokrat.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu Y-20B hərbi-nəqliyyat təyyarələrini yerli mühərriklərlə təchiz edir. Yeni WS-20 mühərrikləri Rusiya istehsalı olan D-30KP-2 modelini əvəzləyir. Çin istehsalı olan texnologiya öz texniki göstəricilərinə görə rəqibini üstələyir.
Yeni WS-20 mühərrikinin dartı qüvvəsi 128 kilonyuton təşkil edir. Rusiya mühərrikində isə bu göstərici 118 kilonyuton gücündədir. Gücün artması Y-20B təyyarəsinin yükdaşıma imkanlarını xeyli yüksəldib. Təyyarə artıq 60 ton deyil, 70 tona qədər yük daşıyacaq.

Bu yenilik hərbi təyyarəyə ağır döyüş tanklarını maneəsiz daşımaq imkanı verir. Type 99A döyüş tankları tam sursatla birgə asanlıqla daşınacaq.
Qeyd edək ki, Rusiya 2009 və 2020-ci illər aralığında Çinə 463 mühərrik satıb. Müqavilələrin ümumi dəyəri 1,4 milyard dollardan çox olub. Həmin mühərrikləri Rusiyanın ODK-Saturn şirkəti istehsal edib. Tədarük prosesini Rosoboroneksport dövlət şirkəti reallaşdırıb. Rusiya hazırda bu mühərriklərdən İl-76MD təyyarələrində istifadə edir.
Beləliklə, Pekin hərbi sahədə Moskvadan asılılığı tamamilə sonlandırır.


