Sosial Özəl

Erkən nikahların görünməyən fəsadları açıqlandı

Erkən nikahların görünməyən fəsadları açıqlandı

Cəmiyyət uzun illərdir erkən nikahların qarşısının alınması istiqamətində mübarizə aparsa, gənclər və valideynlər mütəmadi olaraq maarifləndirilsə də, ölkədə qeyri-rəsmi erkən nikah halları hələ də qalmaqdadır. Azərbaycanda yalnız dövlət qeydiyyatından keçmiş nikah rəsmi hesab olunduğu halda, erkən yaşlarda bağlanan münasibətlərin bir qismi yalnız dini kəbin kəsdirilməsi və ya ictimaiyyətdə "vətəndaş nikahı" adlandırılan qeyri-rəsmi birlik formasında həyata keçirilir. Bu cür halların rəsmi statistikası tam aparılmasa da, onların hələ də mövcud olduğu müşahidə edilir.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, erkən nikahlar həm oğlanlar, həm də qızlar üçün problemlər yaradır:

"Erkən nikahlar həm oğlanlar, həm də qızlar üçün ciddi sosial və sağlamlıq problemləri yaradır. Bu yaşda ailə quran oğlanların əksəriyyəti hələ maddi və psixoloji baxımdan ailə məsuliyyətini daşımağa hazır olmur. Onların sabit işi, gəliri və formalaşmış karyerası olmadığından, qısa müddətdə ailə başçısı və ata olmaq əlavə çətinliklər yaradır.

Erkən nikahlar qızlar üçün daha böyük risklər daşıyır. Bioloji cəhətdən ana olmağa hazır olmayan qızların hamilə olması həm onların, həm də dünyaya gələn uşaqların sağlamlığı üçün təhlükə yarada bilər. Eyni zamanda, həyat təcrübəsinin azlığı səbəbindən gənc analar uşağa qulluq zamanı da müxtəlif çətinliklərlə üzləşirlər.

Erkən nikahlar nəticəsində sağlamlıq problemi olan uşaqların doğulması riski də arta bilər. Övladını erkən yaşda ailə qurmağa sövq edən valideynlər bunun doğura biləcəyi nəticələri nəzərə almalıdırlar. Azərbaycan qanunvericiliyinə əsasən, 18 yaşı tamam olmayan şəxslərin ailə qurmasına yol verilmir və yetkinlik yaşına çatmayanların nikaha sövq edilməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulub.

Bununla belə, qeyri-rəsmi dini kəbin vasitəsilə bağlanan erkən nikahlar hələ də davam edir. Bu cür halların qarşısının alınmasında valideynlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır”.

“Bəzən ailələr deyirlər ki, bunlar ani hisslərdir, zamanla keçib gedir. Gənclər bir-birini sevir və evlənirlər. Ancaq sonradan görürük ki, işləri yoxdur, karyeraları hələ formalaşmayıb, həyata tam hazır deyillər. İstər qız, istərsə də oğlan üçün ailə qurmağın öz zamanı var. Bunu niyə tələsik həyata keçirmək lazımdır?

Hər bir valideyn düşünməlidir ki, övladı əvvəlcə peşə sahibi olsun, karyerasını qursun, həyatı tanısın, təcrübə qazansın, yalnız bundan sonra ailə həyatı qursun. Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Ondan sonra da əlbəttə ki, elə olduğu təqdirdə qurulan ailələrin də yaxşı nəticəsi olur, orada gələn uşaqlar da sağlam olur, onların həyat şəraiti üçün hər cür şərait yaradılır. Ancaq erkən nikahlarda isə bu belə olmur. Uşaq dünyaya gələndən sonra ailə çaşbaş qalır. Ona görə də onlar ayrı-ayrı yaşamağa başlayırlar. Ata-ana evlərində onların köməkliyi ilə heç olmasa yaşaya bilsinlər. Çünki onların nə karyeraları var, nə də bir işi. Gənclər hələ ailənin nə demək olduğunu başa düşmürlər, başa düşmək dərəcəsində deyillər. Ona görə də bunu hər kəsdən öncə valideynlər və yaxud da ki, həmin o erkən nikaha daxil olanların himayədarları bunu fikirləşməlidir ki, bunun heç bir effektiv nəticəsi olmayacaqdır.

Azərbaycanda belə bir fikir var ki, qız uşağı, qız tez ailə qurmalıdır. Xüsusilə regionlarda bu belədir. Paytaxtda yenə müəyyən qədər qızlar universiteti bitirirlər, magistratura təhsili alırlar, digər pillələrdə təhsil alırlar, karyeralarını qurandan sonra evlənməyə cəhd göstərirlər, ancaq regionlarda belə deyil. Regionlarda qızlar universiteti bitirər-bitirməz, hökmən ailə həyatını qurmalıdır. Ancaq mən düşünürəm ki, belə olmamalıdır. Xüsusilə bu mühitdə, bu cəmiyyətdə belə olmamalıdır. Əvvəllər qızların erkən yaşda evləndirilməsi halları daha çox idi. Çünki cəmiyyət artıq gənclərin bir qədər də karyerasını qurmağı tələb edir, bir qədər də böyüməsini. Texnologiya dövründə, internet dövründə yaşayırıq. Yəni onların hər biri üçün bu sosial platformalarda məsləhətlər də verilir, maarifləndirmə tədbirləri də həyata keçirilir. Mən düşünürəm ki, qızlar tez ailə qurmamalıdır. Düşünürəm ki, 23-24 yaşından əsl ailə qurmaq yaşı o yaş hesab olunur. Oğlanlar üçün isə 28-30 yaş mən düşünürəm ki, ən effektiv yaş dövrüdür. Yəni oğlan olsun, qız olsun, öz təhsilini başa vurandan sonra, karyerasını qurandan sonra onların ailə həyatına daxil olmaları, nikaha daxil olmaları daha effektiv olar. Çünki həm özlərini idarə etmələri üçün, həm gələcək ailələrini idarə etmək üçün. Burada sosial problemlər var, mənzil məsələsi var, dünyaya gələn uşağın problemləri var. Bütün bunların hamısının tənzimlənməsi üçün, onların özünün mədəni bir insan kimi cəmiyyətdə yaşaması üçün, təbii ki, bu nikah məsələsində, ailə qurmaq məsələsində tələsmək lazım deyil”.

“Hər şey öz yerində olanda daha gözəl olur”- deyə sosioloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az