İqtisadiyyat Özəl

Şəxsi karta gələn pullarla bağlı açıqlama

Şəxsi karta gələn pullarla bağlı açıqlama

Son dövrlər Azərbaycanda “kartdan-karta” köçürmələrlə bağlı müzakirələr daha da artıb. Xüsusilə mağaza, kafe və müxtəlif xidmət sahələrində POS-terminal əvəzinə şəxsi karta pul köçürülməsi halları vergi orqanlarının diqqət mərkəzinə düşüb. Problem adi vətəndaşın qohumuna və ya dostuna pul göndərməsi deyil, bəzi sahibkarların bu üsulla dövriyyəni gizlədərək vergidən yayınmağa çalışmasıdır. Mərkəzi Bank da kartdan-karta əməliyyatların həcminin kəskin artdığını açıqlayıb. Bildirilir ki, eyni hesaba gün ərzində çoxsaylı və davamlı mədaxillər daxil olduqda bu əməliyyatlar monitorinqə düşə bilər. Bu isə cəmiyyətdə “kartdan-karta pul göndərən hər kəsdən vergi tutulacaq?” sualını yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, əsas məqsəd vətəndaşların gündəlik şəxsi əməliyyatlarını vergiyə cəlb etmək deyil, qeyri-rəsmi biznes dövriyyəsinin nəzarətə alınmasıdır:

“Bu da təbii olaraq edilməli idi. Hazırda ciddi problem kimi qiymətləndirilən əsas məsələ bəzi sahibkarların POS-terminal və rəsmi biznes hesablarından istifadə etmək əvəzinə ödənişləri şəxsi bank kartları vasitəsilə qəbul etməsidir. Bu praktika xüsusilə mağaza, kafe, gözəllik salonu, kurs, onlayn satış və müxtəlif xidmət sahələrində geniş yayılıb. Beləliklə, dövriyyənin bir hissəsi rəsmi uçotdan kənarda qalır, vergidən yayınma riski artır və rəqabət mühitində qeyri-bərabərlik yaranır. Amma bunun digər tərəfi də var. Burada sual yaranır axı, vətəndaşı nə məcbur edir, qeyri-rəsmi ödənişlərə üstünlük verir. Axı bu vətəndaşın dərdi nədir? Mənə elə gəlir bu təhlil edilməlidir. Düşünürəm ki, Vergi qanunvericiliyində sahibkarı sıxan elementlər çoxdur. Biz unutmamalıyıq ki, inzibatçılıqla iqtisadiyyat böyüyə bilməz. Həddindən artıq inzibatçılıq, sıxma-boğma olanda "necə yayınmaq olar?" variantı axtarışda olacaq. Mərkəzi Bankın kartdan-karta əməliyyatların həcmi ilə bağlı açıqlamaları da göstərir ki, monitorinq daha çox sistematik və kommersiya xarakterli əməliyyatlara yönəlib. Yəni eyni hesaba gün ərzində çoxsaylı və davamlı mədaxillərin daxil olması artıq maliyyə nəzarəti baxımından risk indikatoru kimi qiymətləndirilə bilər”.

O deyib ki, burada əsas meyar birdəfəlik şəxsi köçürmə deyil, əməliyyatların xarakteri və davamlılığıdır:

“Hüquqi baxımdan da ailə üzvləri, dostlar və ya yaxınlar arasında edilən şəxsi köçürmələr gəlir hesab edilmir. Borcun qaytarılması, ailəyə dəstək məqsədilə pul göndərilməsi, gündəlik şəxsi ödənişlər və ya hədiyyə xarakterli köçürmələr sahibkarlıq fəaliyyəti sayılmadığı üçün onların vergiyə cəlb olunması hüquqi və iqtisadi baxımdan əsaslı görünmür. Əksinə, dövlətin son illərdə əsas prioritetlərindən biri məhz nağdsız ödənişlərin genişləndirilməsi və maliyyə inklüzivliyinin artırılmasıdır. Əgər adi vətəndaş köçürmələrinə əlavə vergi tətbiq olunsa, bu, insanların yenidən nağd əməliyyatlara qayıtmasına, bank sisteminə etimadın zəifləməsinə və rəqəmsal maliyyə sisteminin inkişaf tempinin azalmasına səbəb ola bilər. Bu baxımdan belə bir yanaşma dövlətin ümumi iqtisadi strategiyası ilə də uyğun görünmür. Yaxın dövrdə nəzarət mexanizmlərinin daha da sərtləşməsi mümkündür. Əgər belə bir addım atılacaqsa, səbəbləri də araşdırılmalıdır. Xüsusilə şəxsi və biznes hesablarının ayrılması istiqamətində yeni tələblərin tətbiqi ehtimalı yüksəkdir. Gözlənilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin kommersiya ödənişlərini şəxsi kartlarla qəbul etməsi daha ciddi nəzarətə götürüləcək və banklar riskli əməliyyatları avtomatik analiz edən sistemlərdən daha geniş istifadə edəcəklər. Qlobal tendensiyalar da göstərir ki, rəqəmsal ödənişlərin artdığı müasir iqtisadiyyatlarda əsas məqsəd hər əməliyyatdan vergi toplamaq deyil, maliyyə şəffaflığını artırmaq, kölgə iqtisadiyyatının həcmini azaltmaq və vergi bazasını genişləndirməkdir. Azərbaycan da bu istiqamətdə beynəlxalq təcrübəyə uyğun mərhələli nəzarət modelinə keçid edir”.

Leyla Turan

D
demokrat.az