Son illər boşanma statistikasında artım müşahidə olunur. Ailə modelindəki dəyişikliklər, qadınların iqtisadi və sosial baxımdan daha müstəqil olması, eləcə də tərəflərin evlilikdən gözləntilərinin fərqlənməsi bu prosesə təsir edən əsas amillərdəndir. Cəmiyyətdə tez-tez belə bir fikir də səslənir: “Kişilər ataları kimi yaşamaq istəyir, amma qadınlar anaları kimi dözmək istəmir”.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, istər-istəməz insanların zaman dəyişdikcə həyata, iqtisadi davranışa münasibəti də əhəmiyyətli dərəcədə dəyişir:
“Bu dəyişikliklərin mərkəzində dayanan ən aktual məsələlərdən biri gender rollarının transformasiyasıdır. Müasir dövrdə müəyyən təbliğat mexanizmləri, kənar təsirlər və qlobal texnologiyanın inkişafı insanları öz ənənəvi rollarından uzaqlaşdırmağa sövq edir. Təəssüf ki, cəmiyyətin bir qismi buna loyal yanaşır, hətta bu meylləri gender bərabərliyinin xüsusi bir forması kimi qəbul edir. Əslində gender bərabərliyi hüquq bərabərliyidir. Bu, insanların cinsindən, irqindən və dinindən asılı olmayaraq eyni hüquqlara sahib olması, qərar qəbul etmə prosesində qanunun hər kəs üçün bərabər tətbiq olunması deməkdir. Lakin çox vaxt insanların təbii rolları ilə hüquqi bərabərlik prinsipləri bir-birinə qarışdırılır. Qadından kişi, kişidən isə qadın davranışı gözləmək kökündən yanlışdır. Bu məsələ həm cəmiyyətin yazılmış, həm də yazılmamış qanunları arasında çox önəmli yer tutur. Hüquqi bərabərlik qadını kişi, kişini isə qadın etmir. Son dövrlər bəzi qrupların bunu dəbə çevirməsi, insanların fitrətinə zidd olan fərqli təmayüllər və "cins seçimi" ilə bağlı yanaşmalar ailə institutunu sarsıdan əsas amillərdir. Çünki heç bir insan öz yaradılışından və fitrətindən kənar ola bilməz”.
O bildirib ki, bu müstəvidə kişilərin üzərinə qoyulan məsuliyyət aydındır:
“Onlar psixofizioloji fərqi və təbii missiyalarını qoruyub saxlamağa çalışırlar. Xanımların isə müəyyən mərhələyə qədər bərabərlik istəyi, özlərini düzgün ifadə etmək və ailədə söz sahibi olmaq arzusu tamamilə başa düşüləndir. Cəmiyyətdə heç kim bunu inkar etmir. Əksər hallarda "kölgə arxasında" idarəedici qüvvə məhz xanımlardır. Lakin bu üstünlük həm də qarşı tərəfin gücünü, potensialını və gender fərqini qəbul etməklə ölçülməlidir. Demoqrafik göstəricilərə nəzər salsaq, dünyaya gələn kişilərin sayı qadınlardan bir qədər çox olsa da, son nisbətdə qadınlar üstünlük qazanırlar. Müxtəlif ölkələrdə qadınlar əhalinin 50-60 %-ni təşkil edirlər ki, bu da minillər boyu davam edən təbii bir qanunauyğunluqdur. Digər tərəfdən, bəzi qadınların analıq fədakarlığından uzaqlaşması, çətinliklərə dözmək istəməməsi və yalnız komfort arxasınca qaçması müəyyən kənar təsirlərin nəticəsidir. Qadın psixologiyasının həssaslığından istifadə edən bəzi dairələr və korporasiyalar ailə institutunu zəiflətməklə maddi maraqlarını təmin etməyə çalışırlar. Ailə münaqişələrinin və boşanmaların artmasında maddi-iqtisadi motivlər, xüsusilə əmlak bölgüsü və aliment məsələsi mühüm rol oynayır. Azərbaycan cəmiyyətində bəzən alimentin bir dolanışıq yolu kimi görülməsi kişiləri hüquqi baxımdan çarəsiz tərəfə çevirir. Əgər qadın ailəni ikinci plana atıb, azad münasibətləri müqəddəs ailə dəyərlərindən üstün tutursa, bu, ailə böhranını qaçılmaz edir”.
O qeyd edib ki, Azərbaycanda ailə institutunun qorunması üçün ciddi tədqiqatlara və preventiv tədbirlərə ehtiyac var:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdə işlər görsə də, sosial-iqtisadi motivlərin ailə taleyinə təsiri (70-80%) nəzərə alınaraq yeni strategiyalar qurulmalıdır. Boşanma mexanizminin çətinləşdirilməsi, ailə zorakılığı faktlarının dərindən araşdırılması və mühafizəkar ənənələrlə müasir inkişafın sintez olunduğu modelə keçid əsas hədəf olmalıdır. Klassik ailə modelində uşaq ailənin ən güclü bağlayıcı sütunudur. Əgər tərəfləri birləşdirən ortaq dəyərlər və övlad amili yoxdursa, ayrılıq qərarı daha asan verilir. Buna görə də dövlətin ailə siyasətində nəsil artımının həm maddi, həm də mənəvi stimullaşdırılması prioritet təşkil etməlidir. Hər kəs ailəyə daha ciddi və məsuliyyətli yanaşmağa sövq edilməlidir. Bu addımlar mərhələli və planlı şəkildə atılarsa, biz ailə institutunu qoruya və gələcək nəsillər üçün möhkəmləndirə bilərik”.


