Sosial Özəl

Xəzər niyə qəhvəyiyə boyandı? — Açıqlama

Xəzər niyə qəhvəyiyə boyandı? — Açıqlama

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən, sakinlərin çimərlik kimi istifadə etdikləri ərazidə dəniz suyunun tünd qəhvəyi, palçıq rəngini xatırladan çalara düşməsi narahatlıq yaradıb.

Bu dəyişiklik təbii proseslərlə bağlıdır, yoxsa dənizə çirkab və ya digər tullantıların axıdılması ilə əlaqəli ola bilər?

Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər rayonunun Zirə, eləcə də Türkan istiqamətində dənizi bu dərəcədə çirkləndirəcək hər hansı iri fabrika və ya zavod yoxdur:

“Bu səbəbdən dənizin rənginin dəyişməsinin ən ehtimal olunan səbəbi yosunlardır. Bu dövrlərdə dənizdə yosunların artması tez-tez müşahidə olunur. Onlar suyun səthinə çıxaraq sahilə yaxın ərazilərdə toplanır və nəticədə dənizin rəngi tünd qəhvəyi, palçıq rənginə çalır. Əlbəttə, iri həcmli tullantılar və ya neft qəzaları da dənizin rənginin dəyişməsinə səbəb ola bilər. Lakin son dövrlərdə Xəzərdə belə bir hadisənin baş verdiyinə şahid olmamışıq”.

Ekoloq əlavə edib ki, yosunlar təbii proses nəticəsində yaranır və insan sağlamlığı üçün təhlükəli deyil:

“Əksinə, bəzi yosun növlərinin dəri üçün faydalı xüsusiyyətləri də var. Təbii ki, ərazidəki vəziyyəti yerində görmədən qəti fikir söyləmək doğru olmaz. Amma ehtimal olaraq bunun yosunlarla bağlı olduğunu düşünürəm və bu hal narahatlıq doğuracaq bir vəziyyət hesab edilmir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları sözügedən əraziyə baxış keçiriblər. Qurumdan bildirilib ki, mütəxəssislər sudan analiz üçün nümunələr götürüblər. Həmin nümunələr araşdırılması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Hazırda laboratoriyada su nümunələri üzərində tədqiqatlar davam etdirilir. Analizlərin nəticələri bəlli olduqdan sonra ictimaiyyətə geniş məlumat təqdim olunacaq.

Fidan Hacızadə

D
demokrat.az