İqtisadiyyat Özəl

Bahalaşmanın qarşısını almağın yolları açıqlandı

Bahalaşmanın qarşısını almağın yolları açıqlandı

Müxtəlif məhsul və xidmətlərin qiymətində müşahidə olunan artımlar cəmiyyətdə bahalaşma ilə bağlı narahatlığı artırıb. Qiymət artımının təsirlərini minimuma endirmək üçün həm dövlətin iqtisadi siyasəti, həm də bazarda sağlam rəqabətin təmin olunması mühüm rol oynayır.

Bəs bahalaşmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, inflyasiyaya cavabdeh əsas qurum Mərkəzi Bankdır və onun inflyasiya hədəfi 2-6 faiz aralığıdır. Yəni hədəf göstəricisi 4±2 faizdir:

“Mərkəzi Bank 4 faizi ideal inflyasiya səviyyəsi hesab edir, 2-6 faiz aralığını isə qəbul edilən çərçivə kimi qiymətləndirir. Başqa sözlə, 2 faizdən aşağı inflyasiya da arzuolunan sayılmır, 6 faizdən yuxarı səviyyə isə artıq qəbuledilməz hesab olunur. Hazırda inflyasiya 5,6 faizdir və bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi hədəf diapazonuna daxildir. Buna görə də Mərkəzi Bankın mövcud vəziyyətlə bağlı ciddi narahatlığı olduğunu demək düzgün olmaz. İnflyasiya ilə bağlı ciddi narahatlıq olsaydı, ilin sonunda benzinin qiyməti artmazdı. Eyni zamanda, qaz və elektrik tariflərində edilən dəyişikliklər, eləcə də bundan əvvəl benzinin, dizelin və digər yanacaq növlərinin qiymətlərinin artırılması da qiymət artımlarına birbaşa təsir göstərən qərarlardır. Çünki Tarif Şurasının qərarları qiymətlərin formalaşmasına birbaşa təsir edir”.

İqtisadçı digər mühüm məqamın inflyasiyanın əhəmiyyətli hissəsinin ölkəyə xaricdən gəlməsi olduğunu deyib:

“Azərbaycanda inflyasiyanın təxminən üçdə ikisi idxal inflyasiyası hesabına formalaşır. Buna görə də həm vətəndaşların, həm də sahibkarların iştirakı ilə yerli istehsalın genişləndirilməsi, daxili bazarda məhsul bolluğunun yaradılması vacibdir. Yerli istehsal nə qədər güclü olarsa, idxaldan asılılıq da bir o qədər azalacaq. Hökumət manatın məzənnəsini ABŞ dollarına nisbətdə sabit saxlayaraq inflyasiyanın təsirlərini müəyyən qədər məhdudlaşdırmağa çalışır. Bu, idxal məhsullarının qiymətlərinin daha kəskin artmasının qarşısını almağa xidmət edir. Ancaq Azərbaycanın əsas idxal tərəfdaşları Rusiya, Türkiyə və Çindir. Çin istisna olmaqla, həm Rusiyada, həm də Türkiyədə yüksək inflyasiya müşahidə olunur. Bu səbəbdən həmin ölkələrdən idxal olunan məhsullar vasitəsilə inflyasiya Azərbaycana da ötürülür və bunun qarşısını tam almaq mümkün olmur. Hazırkı şəraitdə hökumət inflyasiyanı əsas narahatlıq kimi qiymətləndirir. Çünki həm Mərkəzi Bankın hədəfləri çərçivəsində inflyasiya qənaətbəxşdir, həm də hökumətin qəbul etdiyi bəzi qərarlar qiymət artımlarını dəstəkləyən amillərdir. Bununla belə, ölkədə daha ədalətli qiymətlərin formalaşması üçün rəqabət mühiti daha da yaxşılaşdırılmalıdır. Güclü rəqabət həm qiymət artımlarının qarşısını almağa, həm də bəzi məhsul və xidmətlərin ucuzlaşmasına şərait yarada bilər”.

Fidan Hacızadə

D
demokrat.az