İyulun 14-də baş verəcək yeni ay yeni Ay dövrünün başlanğıcı hesab olunur. Astroloqların fikrincə, bu mərhələ sürətli dəyişikliklərdən daha çox daxili düşüncə, keçmişi yenidən qiymətləndirmək və yeni mərhələyə hazırlaşmaq üçün əlverişli vaxtdır.
Demokrat.az-ın məlumatına görə, astroloq İrina Nijnik UNIAN-a müsahibəsində bildirib ki, 2026-cı ilin iyul yeni ayı iyulun 14-də, Bakı vaxtı ilə saat 13:43-də baş verəcək.
Yeni ay nə vaxt baş verəcək?
İrina Nijnikin sözlərinə görə, yeni ay Günəş və Ayın eyni bürcdə birləşdiyi astronomik məqamdır. O bildirib ki, bu hadisənin təsiri yalnız həmin anla məhdudlaşmır: "Enerji baxımından bu dövr təxminən bir gün əvvəl hiss olunmağa başlayır və hadisədən sonra daha bir-iki gün davam edir".
Onun sözlərinə görə, bu təsir iyulun 13–15-i tarixlərini əhatə edəcək. Xüsusilə iyulun 14-ü axşamından 15-i axşamınadək olan müddətin daha güclü hiss ediləcəyi iddia olunur. Yeni ay Xərçəng bürcündə baş verəcək. Astroloqun fikrincə, bu, 2026-cı ilin ən emosional yeni aylarından biri ola bilər.
"İnsanlar artıq enerjilərinin bir qədər azaldığını, daxili vəziyyətlərinə daha çox diqqət yetirdiklərini hiss edə bilərlər. Kəskin qərarlar qəbul etmək istəyi zəifləyir. 'Xərçəng' bürcü sürətli qərarların tərəfdarı deyil", deyə o bildirib.
Astroloqun sözlərinə görə, bu dövr insanın öz hisslərini, ehtiyaclarını və daxili rahatlığını daha dərindən dərk etməsinə şərait yarada bilər. Bu səbəbdən ailə, ev, valideyn-övlad münasibətləri və emosional təhlükəsizlik mövzularının ön plana çıxacağı iddia edilir.
Onun fikrincə, iyulun 14–20-si tarixləri arasında bəzi insanlar köhnə həyat tərzini dəyişmək, yaşayış yerini dəyişmək, ailə qurmaq və ya valideyn olmaq barədə düşünə bilərlər.
Keçmiş mövzular yenidən gündəmə gələ bilər
İrina Nijnik bildirib ki, bu yeni ay Merkuri planetinin retroqrad hərəkəti dövrünə təsadüf edir. Astroloqların fikrincə, bu səbəbdən keçmişdə yarımçıq qalmış məsələlər yenidən aktuallaşa bilər.
Onun sözlərinə görə, köhnə münasibətlər, ailədaxili münaqişələr, borclar, uşaqlıq xatirələri, miras məsələləri və həll olunmamış digər mövzular yenidən diqqət mərkəzinə qayıda bilər.
Astroloq hesab edir ki, iyulun 13–15-i tarixlərində intuisiya da güclənə bilər. O, insanların yuxularına və daxili hisslərinə diqqət yetirməsini tövsiyə edib.
Bu dövrdə nələr tövsiyə olunur?
İrina Nijnik yeni ay günündə tələsik qərarlar verməməyi məsləhət görür. Onun fikrincə, bu vaxt daha çox daxili düşüncə, planların hazırlanması və yarımçıq işlərin tamamlanması üçün uyğundur.
Astroloqun tövsiyələrinə görə, bu dövrdə aşağıdakı məsələlərdə ehtiyatlı olmaq məqsədəuyğundur:
* daşınmaz əmlak almaq; * kredit rəsmiləşdirmək; * işi qəfil dəyişmək; * mühüm sənədlər imzalamaq; * böyük maliyyə yatırımları etmək; * mürəkkəb hüquqi proseslərə başlamaq; * emosiyaların təsiri ilə spontan qərarlar vermək.
Bunun əvəzinə astroloq aşağıdakı işlərə üstünlük verməyi məsləhət görür:
* köhnə ideyalara qayıtmaq və yarımçıq layihələri davam etdirmək; * sənədləri və müqavilələri yenidən nəzərdən keçirmək; * gələcək planları sakit şəkildə müzakirə etmək; * tamamlanmamış işləri başa çatdırmaq; * yarımçıq qalmış təhsili davam etdirmək; * astrologiya, ezoterika və mənəvi təcrübələr haqqında daha dərindən öyrənmək.
İrina Nijnikin sözlərinə görə, iyul ayı kəskin dəyişikliklərdən çox, düşünmək və planlaşdırmaq dövrü hesab olunur. O bildirib ki, mühüm qərarların və rəsmi razılaşmaların Merkurinin retroqrad hərəkəti başa çatdıqdan sonra qəbul edilməsi daha məqsədəuyğun hesab olunur.
Jalə Demokrat.az


