İqtisadiyyat Özəl

Temu sifarişləri ilə bağlı vacib məqam — Açıqlama

Temu sifarişləri ilə bağlı vacib məqam — Açıqlama

Azərbaycana idxal edilən qeyri-qida mallarına nəzarət gücləndirilir. Qəbul edilən dəyişikliklərə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan qeyri-qida istehlak malları ölkəyə idxal edilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər gömrük orqanlarına təqdim edilməlidir. Bunlara uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri daxildir.

Yeni tələblər qeyri-qida mallarının qiymətlərini artıra bilərmi? Bu qaydalar “Temu”dan sifariş edilən şəxsi bağlamalara da təsir edəcəkmi?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, standart adı altında bazarı bahalaşdırmaq olmaz:

“Qeyri-qida mallarının idxalında uyğunluq sertifikatlarının və digər sənədlərin məcburi təqdim edilməsi ilk baxışdan istehlakçının təhlükəsizliyinə xidmət edən qərar kimi görünür. Lakin Azərbaycanda uzun illərin təcrübəsi göstərir ki, yeni inzibati tələblər çox vaxt qiymətlərin artması və əlavə maneələrin yaranması ilə nəticələnir. Əgər sertifikatlaşdırma prosesi sürətli, şəffaf və rəqabətə açıq olmazsa, bu, idxalçılar üçün əlavə xərc və vaxt itkisi yaradacaq. Sahibkar həmin xərci öz cibindən ödəməyəcək, onu məhsulun qiymətinə əlavə edəcək. Nəticədə isə hesabı yenə də adi vətəndaş ödəyəcək.

Daha ciddi sual isə budur ki, bu qərar həqiqətən istehlakçını qorumaq üçündür, yoxsa bazara daxil olmağı çətinləşdirən yeni inzibati filtr yaradılır? Əgər məqsəd təhlükəsizlikdirsə, nəzarət risk əsaslı və səmərəli olmalıdır. Əgər hər məhsul əlavə sənədləşmə və prosedurlarla üzləşəcəksə, bu, təhlükəsizlikdən daha çox bürokratiyanın genişlənməsi təsiri bağışlayacaq”.

İqtisadçı bu qərarın elektron ticarətə də mənfi təsir göstərmək ehtimalının olacağını əlavə edib: “Əgər gələcəkdə “Temu”, “AliExpress” və digər platformalardan şəxsi istifadə üçün sifariş edilən məhsullara da uyğunluq sənədləri tələb olunarsa, milyonlarla istehlakçının daha ucuz məhsul əldə etmək imkanı məhdudlaşacaq. Bu isə rəqabəti zəiflədəcək, daxili bazarda qiymətlərin daha da yüksəlməsinə şərait yaradacaq.

İqtisadi siyasətin məqsədi bazarı qorumaq deyil, istehlakçını qorumaq olmalıdır. Təəssüf ki, son illər qəbul olunan bir sıra qərarlar göstərir ki, rəqabəti artırmaq əvəzinə bazara giriş çətinləşdirilir. Rəqabət zəiflədikcə qiymətlər yüksəlir, seçim imkanları azalır və bunun ağır yükünü yenə də vətəndaş daşıyır. Təhlükəsizlik standartları vacibdir. Amma standartlar əlavə xərc və süni bahalaşma mexanizminə çevrilməməlidir. Əks halda, istehlakçının cibinə daha çox yük qoyulmuş olacaq”.

Fidan Hacızadə

D
demokrat.az