Son dövrlər bəzi bankların plastik kartlar vasitəsilə təqdim olunan kredit limitlərini azaltması və ya bu məhsullar üzrə şərtləri sərtləşdirməsi müştərilər arasında suallar yaradıb. Bu addım bankların risklərin idarə olunması siyasəti, problemli kreditlərin qarşısının alınması və dəyişən iqtisadi şərtlərlə əlaqədardır.
Bəs plastik kart kreditlərinin məhdudlaşdırılması hansı səbəblərdən irəli gəlir və bu qərar vətəndaşlara necə təsir göstərəcək?
Mövzu ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, plastik kartlara açılan kredit xətlərinin məbləğinin azalmasının əsas səbəbi Mərkəzi Bankın tətbiq etdiyi tənzimləyici (requlyativ) tələblərlə bağlıdır:
“Bir neçə il əvvəl qəbul edilən qaydalara əsasən, əməkhaqqı müqabilində ayrılan kredit limitləri müəyyən çərçivəyə salındı. Hazırda əmək haqqının 4-5 mislindən artıq kredit xəttinin ayrılmasına icazə verilmir. Bundan əlavə, burada borcun gəlirə nisbəti (BGN), yəni DTI əmsalı da nəzərə alınır. Təminatsız istehlak kreditləri üzrə aylıq ödənişlərin əmək haqqının 45 faizindən artıq olmaması tələb edilir. Əgər şəxsin adına artıq istehlak kreditləri varsa və bu öhdəliklər anderraytinq qiymətləndirilməsi zamanı nəzərə alınırsa, həmin DTI (BGN) əmsalına görə plastik kart üzrə açılan kredit xəttinin limiti azaldılır. Məhz bu requlyativ tələblər plastik kartlar üzrə kredit məbləğlərinin müəyyən qədər azalmasına səbəb olub. Əslində, problemli kreditlərin həcmini nəzərə alsaq, bu tələblərin tətbiqinə ehtiyac var idi. Mərkəzi Bank da məhz bu səbəbdən həmin qaydaları tətbiq etdi və nəticədə bazarda daha sağlam tənzimləmə formalaşdı”.
O deyib ki, əvvəllər bəzi hallarda əməkhaqqının 10 mislinə qədər kredit limiti ayrılırdı:
“Şəxslər plastik kartlardan rahat şəkildə istifadə etsələr də, müddət başa çatdıqda borcun tam məbləğini ödəməkdə çətinlik çəkirdilər. Nəticədə kreditlər gecikməyə düşür və problemli, yəni toksik aktivlərə çevrilirdi. Bu səbəbdən Mərkəzi Bank həmin kreditlər üzrə məhdudiyyətlər tətbiq etdi. Hesab edirəm ki, bu, vaxtında verilmiş və məqsədəuyğun qərardır. Çünki problemli kreditlər arasında plastik kart kreditlərinin payı kifayət qədər yüksək idi. İnsanlar kartların təqdim etdiyi rahatlığa arxalanaraq limitdən tam istifadə edir, lakin ödəniş vaxtı çatanda borcu tam şəkildə bağlaya bilmirdilər. Nəticədə həm banklar, həm də müştərilər problemlərlə üzləşir, aylarla, hətta illərlə davam edən borc ödənişləri yaranırdı. Məhz buna görə də bu tənzimləyici tədbirlərin tətbiqi zəruri idi”.
Ekspert sonda qeyd edib ki, hazırda isə bu qaydalar gələcəkdə yarana biləcək problemli kreditlərin qarşısının alınmasına müsbət təsir göstərir:
“Kredit limitlərinin müəyyən qədər azalmasının müsbət tərəfi ondan ibarətdir ki, vətəndaşların həddindən artıq borclanmasının qarşısı alınır. Əmək haqqına uyğun kreditləşmə həyata keçirildiyi üçün maliyyə yükü azalır və bu kreditlərin gələcəkdə problemli kreditə çevrilməsi riski də əhəmiyyətli dərəcədə aşağı düşür”.


