Sosial Özəl

İpoteka ilə artıq bu evləri almaq olur — Açıqlama

İpoteka ilə artıq bu evləri almaq olur — Açıqlama

Son illər mənzil bazarında qiymət artımının davam etməsi ipoteka ilə ev almaq istəyən vətəndaşların seçim imkanlarını məhdudlaşdırır.

Əmlak eksperti Anar Nəsirov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, hər il mənzil bazarında qiymətlər artsa da, ipoteka kreditlərinin maksimum məbləği dəyişmədiyi üçün vətəndaşların həmin vəsait hesabına mənzil alması çətinləşib.

İpoteka ilə artıq bu evləri almaq olur — Açıqlama

"Hazırkı bazarda ipotekanın ayırdığı maksimum məbləğlə mənzil almaq demək olar ki, mümkün deyil. Ən yaxşı halda Sovet dövründə tikilmiş doqquzmərtəbəli binada bir otaqlı mənzil almaq olar. Bazar qiyməti ilə ipotekanın ayırdığı məbləğ arasında ciddi fərq yaranıb. Bu səbəbdən xüsusilə gənc ailələr ipoteka ilə mənzil sahibi olmaqda çətinlik çəkirlər.

Çox yaxşı olardı ki, ipotekanın maksimum məbləği artırılsın, eyni zamanda kreditin müddəti 35-40 ilə qədər uzadılsın. Bu halda aylıq ödənişlər azalacaq və ipoteka vətəndaşlar üçün daha əlçatan olacaq. İpoteka kreditləri üzrə bütün mənzillər girov predmeti kimi qəbul edilmir və bu da bazarda qiymətlərə təsir göstərən amillərdəndir".

"İpoteka Fonduna hər ev qəbul edilmir. Əsasən yeni tikililərdə çıxarışı olan mənzillər, eləcə də 1970-ci illərdən sonra tikilmiş, yaxşı vəziyyətdə olan doqquzmərtəbəli binalardakı mənzillər ipoteka predmeti kimi qəbul edilir. İpotekaya yararlı mənzillərin sayının məhdud olması həmin kateqoriyaya aid mənzillərin qiymətlərinin daha sürətlə bahalaşmasına səbəb olur. Bu mənzillərin sayı az olduğuna görə onlara tələbat daha çoxdur. Nəticədə həmin mənzillərin qiyməti digər kateqoriyalı mənzillərlə müqayisədə daha sürətlə artır".

"Hazırkı ipoteka məbləği ilə şəhərin mərkəzində və ya mərkəzə yaxın ərazilərdə mənzil almaq faktiki olaraq mümkün deyil. Şəhərin kənar hissələrində ən yaxşı halda bir otaqlı, daha uzaq ərazilərdə isə Sovet dövründə tikilmiş iki otaqlı mənzil almaq mümkündür. Mərkəzə yaxın ərazilərdə isə bu məbləğə ev tapmaq demək olar ki, mümkün deyil. Bu vəziyyət gənc ailələr üçün əlavə problemlər yaradır. İpoteka ilə alınan bir otaqlı mənzil ailə böyüdükcə kifayət etmir, lakin kredit tam ödənilmədiyi üçün həmin mənzili satmaq da mümkün olmur.

Bazar qiymətləri ilə ipoteka kreditlərinin maksimum məbləği arasındakı fərq son dövrlərdə vətəndaşların ipotekaya marağının azalmasına səbəb olub".

"Bu gün 300-320 min manatlıq mənzil almaq istəyən şəxs ipoteka üzrə maksimum 150 min manat kredit götürə bilir. Qalan 170 min manatı isə özü ödəməlidir. Bu isə hər kəs üçün mümkün deyil. Elə buna görə də son dövrlər ipotekaya marağın azaldığını müşahidə edirik", – deyə Anar Nəsirov fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

D
demokrat.az