Sosial Özəl

Gənclər niyə xaricdə təhsili seçir? — Açıqlama

Gənclər niyə xaricdə təhsili seçir? — Açıqlama

"Son illərdə gənclərin xaricdə təhsil almağa marağının artması təkcə yerli ali təhsil sisteminə inamsızlıqla bağlı deyil. Bu tendensiyanın arxasında qloballaşan dünya, dəyişən əmək bazarı və beynəlxalq karyera imkanları da mühüm rol oynayır".

Bu fikirləri təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illərdə yerli ali təhsil müəssisələrində müəyyən islahatlar həyata keçirilsə də, universitetlə əmək bazarı arasında əlaqənin zəifliyi hələ də əsas problemlərdən biri olaraq qalır.

“Ali məktəbi bitirən məzunlar əmək bazarına daxil olduqda universitetdə qazandıqları nəzəri biliklərin müasir şirkətlərin tələblərinə tam cavab vermədiyini görürlər. Bu isə gənclərin yerli ali təhsil sisteminə inamına mənfi təsir göstərir. Gənclər yalnız diplom əldə etmək deyil, eyni zamanda onları karyeraya hazırlayan, tənqidi təfəkkürü və praktiki bacarıqları inkişaf etdirən təhsil mühiti axtarırlar. Xaricdə təhsilin cəlbediciliyi yalnız təhsilin keyfiyyəti ilə məhdudlaşmır. Xarici universitetlər tələbələrə fərqli mədəniyyətləri tanımaq, beynəlxalq əlaqələr qurmaq, qlobal layihələrdə iştirak etmək və dünyanın müxtəlif ölkələrində rəqabətədavamlı kadr kimi formalaşmaq imkanı yaradır. Gənclərin xaricə üz tutmasını yalnız yerli təhsil sistemindən uzaqlaşmaq istəyi kimi qiymətləndirmək düzgün deyil. Daxili sistemdə müasir trendlərə uyğunlaşmada müəyyən ləngimələr olsa da, əsas hərəkətverici qüvvə gənclərin daha böyük və qlobal hədəflərə çatmaq istəyidir”.

“Bu tendensiyaya təhlükə kimi yanaşmaq əvəzinə, xaricdə təhsil alan gənclərin qazandıqları bilik və təcrübənin gələcəkdə ölkəyə necə qaytarılması barədə düşünmək lazımdır. Ölkənin ali təhsil sistemi elə səviyyəyə çatdırılmalıdır ki, gənclər xaricdə təhsili yeganə çıxış yolu deyil, sadəcə seçim variantlarından biri kimi dəyərləndirsinlər", – deyə Əmrah Həsənli fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

D
demokrat.az