Siyasət Özəl

ABŞ-İran qarşıdurması hara qədər uzanacaq? — Açıqlama

ABŞ-İran qarşıdurması hara qədər uzanacaq? — Açıqlama

ABŞ və İran arasında qarşılıqlı zərbələr daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. İran iyulun 12-də Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniyada yerləşən ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

Gərginliyin regiondan kənara yayılması yenidən müharibə riskini artıra bilərmi? Bu halda qeyd olunan dövlətlərin münaqişəyə qoşulması ehtimalı nə qədərdir?

Politoloq Rəşad Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət yenə də ABŞ və İran arasında qarşılıqlı zərbələrin yalnız iki ölkə arasındakı hərbi qarşıdurma çərçivəsində qalmadığını göstərir:

ABŞ-İran qarşıdurması hara qədər uzanacaq? — Açıqlama

“İranın ABŞ-nin Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniyadakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alması münaqişənin coğrafiyasının genişləndiyini nümayiş etdirir. Bu isə Yaxın Şərqdə təhlükəsizlik mühitini avtomatik olaraq daha da mürəkkəbləşdirir. Bununla belə, hadisələrin genişmiqyaslı regional müharibəyə çevriləcəyini indidən qəti şəkildə söyləmək çətindir. Çünki həm ABŞ, həm də İran indiyədək bir çox hallarda qarşı tərəfə təzyiq göstərmək məqsədilə məhdud və hesablanmış hərbi addımlar atmağa üstünlük veriblər. Son zərbələr də daha çox ABŞ-nin regiondakı hərbi infrastrukturuna yönəlib və İran tərəfindən bunun cavab tədbiri olduğu vurğulanır”.

Politoloq münaqişənin daha geniş coğrafiyaya yayılması riskindən də bəhs edib:

“Belə ki, İran tərəfindən Körfəz ölkələrinin hədəfə alınması intensivləşərsə, bu zaman onların da hansısa formada özünümüdafiə məcburiyyəti ortaya çıxacaq. Başqa sözlə desək, əgər Vaşinqton İran ərazisində daha geniş hərbi əməliyyatlara başlasa, Tehran da cavab olaraq regiondakı ABŞ bazaları ilə yanaşı, Körfəz ölkələrinin də infrastrukturuna zərbələri intensivləşdirsə, o zaman vəziyyətin nəzarətdən çıxma ehtimalı var. Düzdür, hazırda Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniya kimi ölkələr belə ssenaridən yayınmağa çalışırlar. Çünki onlar üçün regional sabitliyin qorunması daha önəmlidir. Amma yenə deyirəm, diplomatik təşəbbüslər nəticə verməyəcəyi halda və bu ölkələrin maraqları zərbə altında qalacağı təqdirdə, onların da özünümüdafiə məqsədilə ABŞ-nin yanında durmaq məcburiyyəti yarana bilər. Münaqişənin daha geniş coğrafiyaya yayılması ilə bağlı digər risk Hörmüz boğazındakı təhlükəsizlik vəziyyəti ilə bağlıdır.

Məlumdur ki, bu marşrut dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır və xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda, Qərbin Rusiyadan enerji təminatını azaltdığı bir vaxtda, Hörmüzdə meydana gələn problemlər yalnız regional deyil, qlobal iqtisadiyyat üçün də mənfi nəticələr doğurur. Bu proses uzun müddət davam edəcəyi halda, Avropa ölkələri də öz enerji maraqlarını təmin etmək üçün hansısa formada prosesə müdaxilə edə bilərlər. Yəni, başqa sözlə, indiki idarə olunan gərginliyin hər an nəzarətdən çıxma ehtimalı var. Bunda isə indiki mərhələdə heç kim maraqlı deyil, o cümlədən ABŞ və İran. Ona görə də düşünürəm ki, hazırkı mərhələdə məhdud eskalasiya daha real görünür. Yəni tərəflər qarşılıqlı zərbələri davam etdirir, amma diplomatik təmaslar da tamamilə dayandırılmır və eskalasiya hər iki tərəf tərəfindən nəzarət altında saxlanılır”.

Fidan Hacızadə

D
demokrat.az